Misir mətbuatında Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışılıb
Misirin "Nil-Əxbar" televiziya kanalı Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayevin ulu öndər Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə bağlı çıxışını yayımlayıb.
Canlı yayımlanan çıxışda Ş.Abdullayev ölkənin demokratik inkişafı yolunda müstəsna rol oynamış liderlərin xalqları tərəfindən daim yad edilməsinin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, 1969-1982-ci illərdə Heydər Əliyevin Azərbaycanın rəhbəri olduğu dövrlərdə respublikanın ictimai və iqtisadi inkişafında əhəmiyyətli rol oynadığını, məhz onun səyləri nəticəsində ölkənin Sovet İttifaqının çiçəklənən respublikalarından birinə çevrildiyini bildirib. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə daxili vəziyyətin son dərəcə kəskin olduğunu söyləyən səfir deyib ki, həmin vaxtlarda vətəndaş müharibəsinin baş verməsini və müstəqilliyin itirilməsi təhlükəsi yarandığını görən Azərbaycan xalqı 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsini təkidlə tələb edib.
Diplomat bildirib ki, Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra cəbhədə atəşkəsə nail olunub, qısa müddət ərzində siyasi islahatlar həyata keçirilərək ölkədə sabitlik və əmin-amanlıq təmin edilib. O, 1994-cü ildə "Əsrin müqaviləsi"nin məhz ulu öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində imzalandığını qeyd edib.
Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda neft-qaz yataqlarının mövcudluğuna baxmayaraq, ölkədə idarəçilik sisteminin bərbad vəziyyəti ucbatından iqtisadiyyatın sıfır səviyyəsində olduğunu qeyd edən Ş.Abdullayev məhz Heydər Əliyevin apardığı siyasi, sosial və iqtisadi islahatlar sayəsində bu gün Azərbaycanın böyük iqtisadi və sərmayə imkanlarına malik dövlətə çevrildiyini, xarici valyuta ehtiyatlarının 50 milyard dolları keçdiyini, işsizlik səviyyəsinin 5 faizə düşdüyünü, Azərbaycanın beynəlxalq aləmə inteqrasiya etdiyini, eyni zamanda, ölkədə söz, mətbuat və digər azadlıqların təmin olunduğunu bildirib.
Ş.Abdullayev Azərbaycan xalqının hər zaman Heydər Əliyevin xatirəsini uca tutaraq yad etdiyini və onun misilsiz xidmətlərini yüksək qiymətləndirdiyini vurğulayıb.
Səfir Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunmasını və 20 ildən artıqdır ki, bir milyondan çox insanın öz doğma torpaqlarından qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü diqqətə çatdırıb. Diplomat, həmçinin BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnamə qəbul etdiyini, lakin Ermənistanın həmin qətnamələrə məhəl qoymadığını söyləyib.
Ş.Abdullayev Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanda yaranmış daxili siyasi vəziyyəti xarakterizə edərək Misirin hazırkı durumu ilə oxşar məqamlara toxunub və iki xalqı birləşdirən ümumi tarixin, mədəniyyətin və dini dəyərlərin olduğunu qeyd edib.
Səfir Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən birinin də Avropa ölkələri, o cümlədən Avropa İttifaqı ilə əlaqələrin genişləndirməsi olduğunu diqqətə çatdırıb. O, Azərbaycan ilə Aİ arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verib. Diplomat Azərbaycanın Avropa ölkələri üçün enerji təhlükəsizliyi məsələsində əhəmiyyətini də vurğulayıb.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv kimi Yaxın Şərq probleminə diqqət göstərdiyini deyən səfir ölkənin Fələstin məsələsinə dəstək olduğunu və BMT-nin qərarlarına hörmətlə yanaşdığını diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB