Politoloq: “Yanukoviçin müxalifətlə dialoqa razılıq verməsində məqsəd kompromis axtarmaqdır”
"Ukrayna prezidenti Viktor Yanukoviç sabiq prezident Leonid Kravçukun ölkədə yaranmış siyasi böhrandan çıxış yolu axtarmaq üçün dəyirmi masa keçirilməsi barədə təklifini qəbul etməsini bu ölkədə keçirilən milyonluq mitinqlərin nəticəsi kimi qiymətləndirirəm". Bunu SİA-ya Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirli deyib.
Politoloq bildirib ki, güc tətbiq edilmədən V.Yanukoviçin dialoqa razılıq verməsi hakimiyyətin müxalifətlə kompromisə getmək istədiyini göstərir: "Hesab edirəm ki, bundan sonra hadisələr həm pozitiv, həm də neqativ formatda inkişaf edə bilər. Görüş nəticəsində iqtidarla müxalifətin Milli Birlik Hökumətinin təşkili ilə bağlı razılıq əldə etməsini pozitiv inkişaf hesab etmək olar
Milli Birlik Hökuməti ilk növbədə müxalifət nümayəndələrinin də hökumətdə təmsil olunmasını özündə ehtiva edəcək. Hesab edirəm ki, bu proses həm də Ukrayna baş naziri Nikolay Azarovun hakimiyyətdən getməsini də gündəmə gətirə bilər. Yəni indiki proseslərdə daha çox N.Azarov önə verilir və sanki ilk zərbəni məhz o alır".
Politoloqun sözlərinə görə, V.Yanukoviçin hökuməti buraxması və Milli Birlik Hökumətinin təşkili ilə bağlı razılığın əldə olunması da istisna deyil: "Hesab edirəm ki, bu çox pozitiv hadisə ola bilər. Belə olan təqdirdə 2014-cü ilin mart ayında Ukrayna ilə Avropa İttifaqının sammiti keçiriləcək və yeni yaranmış müvəqqəti hökumət həmin sammitdə assosiativ sazişlə bağlı sənədləri imzalaya bilər".
Proseslərin neqativ tərəflərindən danışan E.Nəsirli deyib ki, bu təmaslar nəticəsində iqtidar-müxalifət danışıqları nəticəsi qala və meydan zor gücü ilə etirazçılardan təmizlənə bilər: "Hesab edirəm ki, bu hal qısa müddətli effekt verə bilər, ancaq orta və uzaq prespektivdə bu heç də problemin həlli deyil. Bundan başqa iqtidar özü əzələ nümayiş etdirə və Rusiyaya meyilli Şərqi Ukraynalılar paytaxt Kiyevə cəlb oluna bilər və hər tərəf öz gücünü nümayiş etdirə bilər. Belə olan təqdirdə isə hadisələr son dərəcədə təhlükəli ssenari üzrə inkişaf edə bilər. Bu da çox ciddi qarşıdurmalara səbəb olar və Ukraynaya böyük fəlakətlər gətirər".
E.Nəsirli bildirib ki, Yanukoviç və komandası son dərəcə artmaqda olan təzyiqlərə tab gətirməyərək istefa verə bilər: "ABŞ Ukrayna müxalifətinə 100 milyon dollar yardım ayırıb, Almaniya Vitali Kliçkonu müxalifətin lideri kimi tanıdığını bəyan edib, Almaniya xarici işlər naziri, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili və digər narıncı inqlabın rejissorlarının Kiyevdə fəal siyasətlə məşğuldurlar. Düşünürəm ki, həyata keçirilən bu təzyiqlərin fonunda Yanukoviç hakimiyyəti davam gətirməyərək hakimiyyətdən gedə bilər. Hesab edirəm ki, bu hal baş verərsə, Ukraynada 2013 və ya 2014-cü il inqlabı kimi tarixə düşə bilər. Ancaq Yanukoviç hakimiyyətinin müxalifətlə dialoqa razılıq verməsində məqsəd kompromis axtarmaqdır və hesab edirəm ki, Milli Birlik Hökumətinin təşkili bu baxımdan real kompromis ola bilər", deyə E.Nəsirli sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB