İkram İsrafil: "Mən bundan sonra Milli Şuranın fəaliyyətinə inanmıram"

Müsavat Partiyasının Divan üzvü, sabiq deputat İkram İsrafil "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılın "İşdən sonra" proqramında başqan İsa Qəmbərə təxribatçı suallar ünvanladığı iddiasını irəli sürüb. SİA-nın məlumatına görə, Müsavat Divanının üzvü Xədicə İsmayılın mövqeyinin ona yeni görünmədiyini və son zamanlar Müsavat başqanına qarşı aqressiv münasibətin artığını bildirib: "Əlbəttə, biz də düşündük ki, Xədicə xanım da məhz bu məsələlərə aydınlıq gətirilməsinə çalışacaq. Təəssüf olsun ki, əvvəldən jurnalistin mövqeyi qərəzli göründü. Eyni zamanda, məsələnin araşdırılmasını istəyən jurnalist niyyəti sezilmədi. Xədicə xanım sanki Milli Şuranın qarşılaşdığı durumu, yəni vəziyyətin dəyişməməsinin acığını İsa bəydən, eləcə də Müsavat Partiyasından çıxmağa çalışdı. Hiss olundu ki, kifayət qədər qərəzlidir".

Xədicə İsmayılın qərəzli olmasını əsaslandıran İkram İsrafil bildirib ki, əslində, "Azadlıq" əməkdaşının AXCP-yə yaxınlığı sirr deyil: "Xədicə xanımın AXCP-yə yaxın olduğu heç kəsə sirr deyil. Mən deyərdim ki, bəlkə də bu partiyanın üzvüdür. O gün bu, onun verdiyi suallarda çılpaqlığı ilə hiss olundu…Təkcə dünən yox, hər zaman bir çox açıqlamalarında onun AXCP üzvü kimi mövqe sərgiləməsi ortada olub…".

Lakin bütün bunlara rəğmən, Müsavat Partiyasının Milli Şurada qalmasının əleyhinə olduğunu da gizlətməyən partiya Divanının üzvü qeyd edib ki, partiya vaxt gözləmədən, dərhal Milli Şuradan istefaya getməlidir: "Qənaətimə görə, Müsavat Partiyası tez bir zamanda Milli Şuranı tərk etməlidir. Bu mənim şəxsi mövqeyimdir. Ola bilsin ki, Müsavat partiyasının Divanı yaxın günlərdə bu məsələni müzakirə etsin və qərar versin. Amma indidən bəyan edirəm ki, Müsavat Partiyası Milli Şuranı tərk etməlidir...Mən bundan sonra Milli Şuranın fəaliyyətinə inanmıram".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə