Qüdrət Həsənquliyev: "Əsas vəzifəmiz və hədəfimiz 2014-cü ildə keçiriləcək bələdiyyə seçkiləridir" MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: "Əsas vəzifəmiz və hədəfimiz 2014-cü ildə keçiriləcək bələdiyyə seçkiləridir" MÜSAHİBƏ

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin SİA-ya eksklüziv müsahibəsi:

- Qüdrət bəy, ölkədə gedən ictimai-siyasi vəziyyəti ümumilikdə necə dəyərləndirirsiniz?

- Bildiyimiz kimi, Azərbaycanda artıq prezident seçkiləri başa çatıb, ölkədə yeni hökümət formalaşıb. Siyasi proseslər bir-birini əvəz etməkdədir. Hazırda 2014-cü il il bələdiyyə və 2015-ci il parlament seçkilərinə hazırlıqlar gedir. Ölkəmiz siyasi təlatümlərdən uzaqdır, siyasi sabitlik mövcuddur. Bu da dövlətin həm iqtisadi sahədə, həm də siyasi sahədə islahatların aparmasına xüsusi təkan verən amillərdəndir. Düşünürəm ki, hökümət bundan sonra da müəyyən islahatlar aparmaqla aztəminatlı ailələrin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində ciddi addımlar atacaq, kənd təsərrüfatının, eləcə də digər sahələrin inkişafına müəyyən tövhələr verəcək. Ölkənin inkişafı üçün bütün sahələrdə aparılan islahatların ardıcıl olması dövlətimizin beynəlxalq qüdrətini artırır və qarşıdurmalardan qoruyur.

- Prezident İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasına dair imzaladığı Sərəncamı necə qiymətləndirirsiniz?

- Məhəmməd Əmin Rəsulzadənin və digər dövlət xadimlərinin banisi olduğu Şərqdə ilk Demokratik Cümhuriyyət bizim fəxrimizdir, qürur mənbəyimizdir. Bu gün biz bir çox beynəlxalq təşkilatlarda, xarici ölkələrdə qürurla vurğulayırıq ki, İslam dünyasında ilk dəfə Cümhuriyyət Azərbaycanda olub və qadınlara da ilk dəfə səsvermə hüququ məhz ölkəmizdə verilib. Prezident İlham Əliyevin M.Ə.Rəsulzadənin anadan olmasının 130 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasına dair Sərəncamı ölkədə vətəndaş həmrəliyinə, milli birliyə xidmət edən bir addımdır. Eyni zamanda, bizim keçmişimizə sayğı, dövlətçilik ənənələrinin təbliğinə xidmət edən amildir.

Əlbəttə ki, tarixi şəxsiyyətlər hər zaman hörmətlə anılmalıdır. Ulu öndər Heydər Əliyevin Azərbaycan üçün gördüyü işləri qəbul etməyənlər, özlərini M.Ə.Rəsulzadənin qurduğu Müsavat Partiyasının "davamçıları" hesab edənlərə Cənab Prezidentin Sərəncamı bir örnəkdir. Siyasi partiyalar bir-birləri ilə rəqabət apara və fərqli ideyaların daşıyıcıları ola bilərlər, amma dövlətimiz üçün müstəsna xidmətləri olan şəxslərin üstündən xətt çəkə bilməzlər. Özünü barışmaz müxalifət elan edənlər öz fəaliyyətlərində elə prinsiplərə əsaslanmalıdırlar ki, biz doğrudan da ölkədə milli həmrəliyə, milli barışığa nail ola bilək. Bu mənada, gələcək illərdə M.Ə.Rəsulzadənin büstünün Bakının ən gözəl yerlərindən birində ucaldılacağını arzu edərdik.

- Qeyd etdiniz ki, bəzi müxalifətçilər özlərini M.Ə.Rəsulzadənin davamçıları hesab edirlər. Onlar həmçinin, M.Ə.Rəsulzadəni bir növ özününküləşdirirlər. Sizcə bu nə dərəcədə doğrudur?

- Cənab Prezident imzaladığı Sərəncamı ilə göstərdi ki, Rəsulzadə kimlərinsə deyil, bütövlükdə Azərbaycan xalqının böyük oğludur. Bu baxımdan bəzi müxalifət partiyalarının yanaşmasının yalnış olduğunu düşünürəm. Hesab edirəm ki, onlar M.Ə.Rəsulzadəni də sanki inhisar altına almaq istəyirlər. Amma Rəsulzadənin irsinin araşdırılmasına, öyrənilməsinə, təbliğinə xidmət etmək əvəzinə, yersiz çıxışları ilə cəmiyyətə narahatlıq yaradırlar.

- Son zamanlar Milli Şurada, ümumiyyətlə, radikal müxalifət düşərgəsində baş verən proseslər haqqında necə fikirləşirsiniz?

- Milli Şura Rüstəm İbrahimbəyov tərəfindən irəli atılan və Rusiyanın bəzi dairələri tərəfindən hazırlanmış, seçki öncəki Azərbaycana təziq etmək üçün yaradılan bir qurum idi. Rusiya daxildə qruplaşma yaradırdı. Söyün Sadıqov hər gün məsuliyyətsiz, ölkəmizdə daxili sabitliyi gərginləşdirməyə yönələn açıqlamalar verirdi. Biz həmin vaxtlar deyirdik ki, onlar bu komanda ilə necə hündürdən danışırdılarsa, zamanı çatanda eləcə də susacaqlar. Bizim xəbərdarlığımız ona dəlalət edirdi ki, dövlətimizə qarşı onlardan bir oyuncaq kimi istifadə edə bilməsinlər. Hazırda düşdükləri bataqlığın fərqində olanlar bir bəhanə ilə oranı tərk edirlər. Dünənə qədər İbrahimbəyovun sədrliyini dəstəkləyənlər, bu gün onun sədrlikdən getməsini istəyirlər. Ora toplaşanlar ümüd edirdilər ki, Rusiya bunların arxasında dayanıb onları hakimiyyətə gətirəcək. Bunun reallaşmadığını görənlərin hərəsi bir yolla qurumdan uzaqlaşdılar. Müsavatın isə uzun müddət AXCP ilə bir yerdə olması mümkün deyildi. Sözügedən partiyaların başqanlarının bir-birlərinə nifrətləri hədsizdir. Öz aralarında biri digərinə güzəştə gedə bilmədi. Amma Rüstəm İbrahimbəyova güzəştə getdilər. Çünki düşünürdülər ki, İbrahimbəyovun əlindən nə vaxtsa hakimiyyəti almaq asan olar. Siyasi düşüncəyə, mənəvi keyfiyyətlərə malik olmayan insanlar cəmiyyəti heç bir yerə apara bilməz. 20 il ərzində hər hansı bir nailiyyət əldə edə bilməyən qüvvələr müxtəlif adlar altında özlərini pərdələyənlər heç nə qazana bilməyəcəklər.

- Bildiyimiz kimi, siyasi partiyaların maliyyələşdirilməsi haqqında qanun qəbul edilib. Qanuna uyğun olaraq siyasi partiyalara müəyyən vəsait ayrılıb. Siz siyasi partiya olaraq ayrılan vəsaiti daha çox hansı istiqamətlərə sərf edirsiniz?

- Ayrılmış vəsait hesabına partiyamızın növbəti qurultayı yüksək səviyyədə keçirildi. Həmçinin, dövlət tərəfindən ayrılan vəsaitdən partiyanın rayon təşkilatlarına da ayrılıb. Bu vəsaitlə onlar partiyaya aid olan müxtəlif tələbatlarını ödəyirlər. Vəsaitin bir hissəsi isə ştatda olan işçilərə və ezamiyyələrə sərf edilir. Bundan əlavə, dəftərxana ləvazimatları alınır ki, bunu da biz qiymətləndiririk. Dövlətin siyasi partiyalara dəstəyi önəmlidir, əhəmiyyətlidir. Hökümətin işi ölkənin müəyyən sektorlarını inkişaf etdirməklə yanaşı, həm də vətəndaş cəmiyyətinin, mətbuatın, siyasi partiyaların təkmilləşməsinə nail olmaqdır. Bir vaxtlar siyasi partiyalar müəyyən xarici dairələr vasitəsilə maliyyələşirdi və bununla da həmin dairələr siyasi təşkilatların siyasi kurslarına təsir edə bilirdi. Belə olan halda, partiyalar müstəqil olaraq siyasət yürütməkdən məhrum olurdular. Məhz, sözügedən qanun nəticəsində bu kimi halların qarşısı alındı və bundan sonra da eyni yöndə işlərin davam etdirilməsini gözləyirik.

- Artıq 2013-cü ili başa vurmaq üzrəyik. Yeni ildə BAXCP-nin qarşısında ölkəmizin həyatına töhfə verə biləcək hansı vəzifələr dayanıb?

- Əsas vəzifəmiz və hədəfimiz 2014-cü ildə keçiriləcək bələdiyyə seçkiləridir. Siyasi partiya olaraq çalışmalıyıq ki, bu seçkilər şəffaf, qarşıdurmasız, insident yaşanmadan keçirilsin. Azərbaycan cəmiyyətində sabitliyin pozulmaması, dövlətçiliyimizə xələ gətirməmək yönündə bir vətəndaş olaraq, bir siyasi partiya olaraq əlimizdən gələni əsirgəməməliyik.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə