Türkiyədə Xəzər Strateji İnstitutu tərəfindən 3-cü Xəzər Forumu keçirilir FOTO
Bu gün Türkiyənin İstanbul şəhərində yerləşən "Çırağan" Sarayında Xəzər Strateji İnstitutu tərəfindən 3-cü Xəzər Forumu keçirilir. SİA-nın məlumatına görə, Forumda Türkiyənin dövlət və hökumət rəsmiləri, o cümlədən bu ölkənin gömrük və ticarət naziri Hayati Yazıcı, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, nəqliyyat, dənizçilik və informasiya naziri Binəli Yıldırım və Gürcüstanın xarici işlər nazirinin müavini Zviad Kvatchantiradze ilə yanaşı, Azərbaycan Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, nəqliyyat naziri Ziya Məmmədov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, millət vəkilləri, xarici ekspertlər və media nümayəndələri iştirak edir.
Forumun açılışında çıxış edən Xəzər Strateji İnstitutunun baş katibi Haldun Yavaş tədbirlə bağlı məlumat verib. H.Yavaş İstanbulda birinci Xəzər forumunun keçirildiyini xatırladıb, bu il keçirilən forumun məqsədinin regionun enerji təhlükəsizliyinin müzakirə edilməsi olduğunu vurğulayıb.
Forumda Azərbaycanın həyata keçirdiyi enerji layihələrindən, xüsusilə sonuncu TANAP layihəsindən danışılıb və Azərbaycanın regionun enerji təhlükəsizliyində xüsusi rolunun olması vurğulanıb.
Forumda Xəzər regionu, Avropa, Türkiyə və Amerikadan müxtəlif qurumların nümayəndələri, araşdırmaçılar və iş adamları iştirak edib. Tədbirdə Xəzər bölgəsindəki vəziyyət, dünyanın enerji xəritəsindəki son durum, bu çərçivədə ortaya çıxan xarici siyasət müzakirə olunacaq.
Forum "Xəzər bölgəsi Cənub Qaz Dəhlizi", "Xəzər Tranzit Dəhlizi" və "Geniş Xəzər bölgəsinin sərmayə bazarlarının inkişafı" mövzusunda 3 paneldən ibarət olacaq. Tədbirdə TANAP və TAP layihələri də müzakirə olunacaq.
Qeyd edək ki, Xəzər Forumu Xəzər dənizi bölgəsinin iqtisadi, siyasi və strateji potensialını öyrənmək, iş birliyi və ortaqlıq sahələrini müəyyən etmək üçün hazırlanan bir platformadır. Forum bütün dünya birliyində akademik, siyasət və iş dünyasının təmsilçilərini bir araya gətirir. "Xəzər Davosu" adlanan bu forumun birincisi 2012-ci ildə İstanbulda, ikincisi isə bu ilin sentyabr ayında ABŞ-ın Nyu York şəhərində keçirilib.
Forum öz işini bu gün yekunlaşdıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB