Elmar Məmmədyarov: “Azərbaycan NATO ilə qarşılıqlı öhdəliyə əsaslanan etibarlı münasibətlərin tərəfdarıdır”
"Əfqanıstan ilə strateji və qardaşlıq xarakteri daşıyan əlaqələrimiz daha da inkişaf etmək üçün ciddi potensiala malik olaraq, möhkəm ikitərəfli əməkdaşlığa əsaslanır". SİA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinin nazirlər görüşündə çıxışı zamanı deyib.
Nazir bildirib ki, Azərbaycanın regional təhlükəsizlik narahatlıqları və NATO ilə möhkəm əlaqələrinin fövqündə Beynəlxalq təhlükəsizliyə yardım qüvvələri və 2014-cü ildən sonrakı Əfqanıstan missiyası gündəlikdə prioritet məsələ olaraq qalmaqdadır: "Azərbaycan Beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinin əməliyyatından sonrakı missiya üçün potensial əməliyyat tərəfdaşı olaraq qüvvə, təlim, tranzit və maddi baxımdan əsaslı şəkildə töhfə verməyə qadirdir. Azərbaycan Beynəlxalq təhlükəsizliyə yardım qüvvələri üçün əsas tranzit marşrutudur və 2014-cü ildən sonrakı əməliyyat üçün də bu funksiyanı daşıyacaqdır. Bu xüsusda, Türkiyə və Gürcüstan kimi dostlarımızla yaxından birgə işləyirik. Yekunlaşdırılmaqda olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Azərbaycanda yeni Xəzər dəniz limanı ölkəmizin tranzit imkanlarına ciddi əlavə imkanlar gətirəcəkdir".
E.Məmmədyarov qeyd edib ki, Azərbaycan hökuməti Əfqanıstan milli ordusu üzrə etimad fonduna öz töhfəsini verib və bu kimi ianələrini davam etdirəcəkdir.
E.Məmmədyarov çıxışı zamanı Azərbaycan-NATO tərəfdaşlığına toxunaraq bildirib ki, Azərbaycan qətiyyətlə alyansla qarşılıqlı öhdəliyə əsaslanan etibarlı münasibətlərin tərəfdarıdır: " Bölüşdüyümüz prinsiplər və dəyərlər, eləcə də müxtəlif mövcud və meydana çıxan mexanizmlər vardır ki, birgə baxışımız və əlaqələrimizin daha da inkişafı üçün möhkəm zəmin yaradır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB