Politoloq: “Aİ-nin Cənubi Qafqaz dövlətlərinə münasibəti sağlam deyil”

Politoloq: “Aİ-nin Cənubi Qafqaz dövlətlərinə münasibəti sağlam deyil”

"Regional münaqişələrə münasibət bildirməyə gücü çatmayan Aİ-nin MDB-nin altı dövlətini Rusiyanın təsirindən necə uzaqlaşdıracağı bəlli deyil. Aİ-nin Vilnüs sammiti keçirildi. Sammitin əsas məqsədi Şərq Tərəfdaşlığı proqramının üzvləri ilə assosiativ üzlük haqqında müqavilələri imzalamaq idi. Aİ məqsədinə nail olmadı, hətta demək olar ki, iflasa uğradı, iflasa uğramasının səbəbi özüdür". SİA-nın məlumatına görə, bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu bu gün keçirilən mətbuat konfransında səsləndirib.

Politoloq bildirib ki, Aİ Vilnüs sammitində MDB məkanındakı münaqişələrə münasibət bildirməyə gücü çatmadı: "Regional münaqişələrə gücü çatmayan strukturun altı dövləti Rusiyanın təsirindən necə uzaqlaşdıracağı bəlli deyil. Cənubi Qafqazdakı üç dövlətə Aİ-nin münasibəti sağlam deyil".

"Azərbaycanın ÜTT-ə üzv olmamasını bəhanə edərək onunla uzun müddət danışıqlar aparmadılar. Sammitə altı ay qalmış Aİ rəhbərliyi iflasa doğru getdiklərini başa düşdülər və Azərbaycana assosiativ üzvlüklə bağlı müqaviləni hazırlamaq təklifi ilə müraciət etdilər. Rəsmi Bakı bunu qəbul etmədi. Gürcüstanın daxili vəziyyəti ilə manipulyasiya etmək istəsələr də sonda onunla assosiativ müqaviləni imzalamağa məcbur oldular. Ən çox ümid etdikləri dövlət Ermənistan idi. Ermənistanda bütün saxtakarlıqlara, demokratiyanın pozulmasına göz yumurdular. Əksərən özləri Ermənistanda demokratiyanın və insan hüquqlarının pozulmasının iştirakçılarına çevrilirdilər. Avrokomissarlar erməni siyasətçilərinə çevrilərək Ermənistanın əsassız tələbələrini dəstəkləyirdilər. Avrokomissarlar inanırdılar ki, Rusiyanın hərbi bazasının Ermənistanda olması, Ermənistanın Rusiya qazından və digər iqtisadi amillərindən asılılığına baxmayaraq Ermənistan Rusiyanın təzyiqlərini dəf edib Aİ ilə assosiativ müqaviləni imzalayacaq. Ukraynanın Aİ ilə assosiativ müqaviləni imzalamaqdan imtinası Aİ-nin iç üzünü açdı. Aİ əslində Ukraynanın təbii resurslarından istifadə edərək öz iqtisadi problemlərini həll etmək niyyətində imiş. Ukraynanın Aİ-dən imtinasından sonra Qərbin verdiyi reaksiyanın Ukraynanı zorla xoşbəxt etmək addımı kimi başa düşmək olar. Aİ yaxşıdırsa, Ukrayna özü gəlib qoşulacaq. Özü qoşulmursa, Aİ yox, Ukrayna narahat olmalıdır. Aİ-nin narahatçılığı Ukraynadan Aİ-nin maraqlı olmasının göstəricidir", - deyə M.Əhmədoğlu əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə