Xəzər dənizi bir çox beynəlxalq və regional layihələrdə əlaqələndirici vəsilədir
Noyabrın 21-22-də Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya hazırlanması üzrə Xüsusi İşçi Qrupunun 34-cü iclası olub.
Rusiya Prezidentinin MDB ölkələri ilə Rusiyanın dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir İ.B.Bratçikovun sədrliyi ilə keçən iclasda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın nümayəndə heyətləri iştirak ediblər.
İclasda Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov çıxış edib.
X.Xələfov iclasdan sonra deyib ki, nəqliyyat dəhlizlərinin mühüm tərkib hissəsi olan Xəzər dənizi bir çox beynəlxalq və regional layihələrdə əlaqələndirici vəsilədir: "Buna görə də Xəzər dənizini Qara dənizlə və Aralıq dənizi ilə birləşdirən layihələrin uğurlu olması, habelə Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmiryol xətti layihələrinin həyata keçirilməsi Xəzər regionu ölkələrinin iqtisadi inkişafına və onların rifahına, dünya enerji təhlükəsizliyinə xidmət edir". O, xüsusən Xəzərdə təhlükəsizlik və iqtisadi fəaliyyət məsələlərində tərəflər arasında qarşılıqlı etimadın vacib olduğunu vurğulamışdır. X.Xələfov demişdir: "Azərbaycan tərəfi Xəzər dənizinin hüquqi statusu məsələlərinin Xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət və qarşılıqlı faydalı tərəfdaşlıq ruhunda, dinc vasitələrlə və danışıqlar yolu ilə həllinə sadiq qaldığını bir daha ifadə etmişdir. 2010-cu ildə Bakı sammitində müntəzəm görüşlər keçirilməsinin əhəmiyyəti qeyd edilmişdir və bununla əlaqədar olaraq Azərbaycan Rusiyanın 2014-cü ildə Həştərxanda Xəzəryanı dövlətlərin başçılarının sammitini keçirmək təşəbbüsünü dəstəkləyir. Yüksək səviyyədə görüş danışıqlar prosesində mühüm irəliləyişi təmin edəcək, əsas prinsiplərin razılaşdırılması prosesinə sanballı töhfə verəcək və Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya layihəsinin qəbul edilməsi işini sürətləndirəcəkdir".
O, sammit ərəfəsində xarici işlər nazirlərinin konfransının keçirilməsini əhəmiyyətli hesab edib və bildirib ki, bu konfrans sammit üçün mükəmməl sənədlərin razılaşdırılmasına və hazırlanmasına xidmət edəcək. Azərbaycan həmçinin dördüncü sammitin yekunlarına dair Xəzəryanı dövlətlərin başçılarının bəyanat layihəsini də dəstəkləyib.
Qeyd edək ki, Xüsusi İşçi Qrupunun növbəti iclası Astanada (Qazaxıstan) olacaq. İclasın keçirilmə vaxtı bir ay müddətində diplomatik kanallarla razılaşdırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB