Nurlana Əliyeva: “Arzu edirik ki, üçrəngli bayrağımız Dağlıq Qarabağda dalğalansın” MÜSAHİBƏ
YAP Qadınlar Şurasının sədri, professor Nurlana Əliyevanın SİA-ya müsahibəsi
- Nurlana xanım, qarşıdan xalqımız, dövlətimiz üçün mühüm bayramlardan biri - Bayraq Günü gəlir. Bu gün üçrəngli kolorumuz dünyanın ən mötəbər təşkilatlarında qürurla dalğalanır. Ümumiyyətlə, müqəddəs bayraq dedikdə sizdə hansı hisslər canlanır?
- Əlbəttə, bayraq ilk növbədə hər bir xalqın, hər bir dövlətin qürur mənbəyidir. Bu qürur ilk növbədə ondan irəli gəlir ki, hər bir dövlət bayrağında onun rəmzləri, tarixi keçmişi, simvolları əks olunur. Bu baxımdan, vurğulamaq istərdim ki, hər bir dövlətin bayrağında onun tarixini əks etdirən rəmzləri mövcuddur. Əbəs yerə deyil ki, dövlət bayrağı deyəndə biz hamımız ayağa qalxır, onun yüksəlişini fərəhlə müşahidə edirik. Dövlət bayrağı qarşısından ölkə rəhbərləri, əsgərlər əzmlə keçirlər. Bütün bunlar bir daha onu təsdiq edir ki, dövlət bayrağı hər bir xalq üçün, eləcə də biz azərbaycanlılar üçün müqəddəsdir və bu müqəddəslik nəsildən-nəsilə, əsrdən-əsrə keçərək öz əhəmiyyətini tarixlər boyunca saxlayır. Öz tarixi keçmişini xatırlayan, onu hifz edən xalq əlbəttə ki, dövlət bayrağını da bütün varlığı ilə sevir. Məhz bizim dövlət bayrağımızı, Müstəqil Azərbaycanımızın dövlət bayrağını ilk dəfə Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qaldırdı. Əslində bununla bir daha sübut olundu ki, Azərbaycan xalqı öz mübarizliyi və əzmkarlığı sayəsində keşməkeşli, qürurlu tarixini unutmayıb. Məhz o zamandan – Ulu Öndər Heydər Əliyevin qətiyyətli addımından sonra Azərbaycanın üç rəngli bayrağı yenidən xalqımızın, Ana Vətənimizin başının üstündə qürurla, əzmlə, dalğalanır. Dövlət bayrağımız nəinki Azərbaycan, eləcə də dünyada yaşayan 50 milyondan artıq azərbaycanlı üçün azərbaycançılıq atributudur. Harada olursansa ol, hansı xarici ölkəyə gedirsənsə get, orada yaşayan soydaşlarımız müqəddəs bayrağı öz başı üzərindən asaraq Vətəninə olan sevgisini nümayiş etdirir.
Eyni zamanda qeyd etdiyimiz kimi, artıq üç kolorumuz bu gün bütün dünyada, mötəbər təşkilatlarda, konfrans və sammitlərdə uca zirvələrdə dalğalanır. BMT, Avropa Şurası Parlament Assambleyası, eləcə də digər təşkilatların qarşısında Azərbaycan bayrağı ön cərgələrdə yer almaqdadır. Çünki bu amil həm də belə deməyə əsas yaradır ki, Azərbaycanımızın dünya meydanında öz yeri, öz nüfuzu var və bu nüfuz günü-gündən daha da artmqdadır.
- Dillər əzbəri olmuş belə bir ifadə var – "Uğrunda ölən varsa, Vətəndir". Vətənimizin müqəddəs rəmzi olan bayrağımız uğrunda oğul və qızlarımız fədakarlıqlar göstərib, onun uğrunda öz canlarından keçiblər. Belə qəhrəmanlıqlar kifayət qədərdir.
- Tamamilə razıyam. Bayraq həm də Vətəndir. Əlbəttə ki, Azərbaycan xalqı bu günə qədər çox önəmli hadisələr yaşayıb. Gəlin, Macarıstanda bayrağımıza qarşı hörtəmtsizlik edən mənfur düşmənə qarşı azərbaycanlı igidliyini bir daha xatırlayaq. Bizim əsgərimiz, bizim zabitimiz Ramil Səfərovun bir erməni zabiti tərəfindən bayrağımızın əzilməsinə dözməyərək, onu qətlə yetirməsi bir daha xalqımızın qəlbində bayrağımıza olan məhəbbətin, sevginin rəmzinə çevrildi. Deməli bizim bayraqlar bayrağımız heç bir zaman əyilməyəcək, daim uca zirvədə dayanacaq. Bizlər də hər birimizin borcu öz övladlarımızı Vətənimizə, dövlətimizə layiq olmaqla yanaşı, bayrağımızın necə böyük qiymətə malik olduğunu aşılamalıyıq. Qürur duyuruq ki, Azərbaycanın paytaxtı Bakıda ucaldılan bayraq "Ginnesin Rekordlar Kitabı"na düşüb. Bayraq Meydanında 162 metr ucalığında aram-aram dalğalanan bayrağımız Bakının hər yerindən görünür. Hətta bayrağımız peyk vasitəsilə də görünməkdədir. Məgər bu faktor fərəhli sayıla bilməzmi? Ölkə rəhbəri İlham Əliyevin rəhbərliyi ilə yaradılan Bayraq Meydanının mövcudluğunu Prezidentimizin Vətəninə olan sevgisi kimi dəyərləndirmək çox düzgün olardı. Çünki Cənab Prezident bununla hər bir azərbaycanlının ürəyində bir Azərbaycan bayrağı ucaltmış oldu. Bu xalqımızda böyük qürur hissi yaradır. Eyni zamanda, Azərbaycan bayrağını istedadlı gənclərimiz bütün sahələrdə bütün bayraqlardan uca zirvələrə qaldırırlar. Qeyd edim ki, bayrağımızın üzərindəki rənglər və atributlar çox humanist bir açıqlamaya malikdir – mavi rəng türkləşmək, qırmızı rəng müasirləşmək, yaşıl rəng isə islamlaşmaq, mənəvi dəyərləri qorumaq anlamını daşımaqdadır. Bunların hər biri Azərbaycan üçün ürəyi döyünən insanlarımızda mövcuddur. Həmçinin, Azərbaycanın bayrağından o da görünür ki, bizim bayrağımız sülhpərvər, mütərəqqi bir dövlətin bayrağıdır. Belə bir dövlətin bayrağı əyilməzdir, müqəddəsdir. Ona görə də, bu gün hər bir azərbaycanlının qəlbində bir arzu yaşayır - mənfur qonşularımızın ədalətsiz iddialarına əsasən, işğal edilmiş rayonlarımızda bizim bayrağımız dalğalansın və gənclərimiz həmin bayrağı Qarabağımızın ən uca zirvəsinə sancsınlar. Bu arzunun çin olunacağına hər birimiz inanırıq. Çünki ölkə Prezidenti Cənab İlham Əliyevin apardı uğurlu iqtisadi, xarici siyasət bunu deməyə əsas verir. Son on ildə həyata keçirilən uğurlu siyasət bir daha sübut edir ki, dünyada ədalətin, haqqın tərəfdarı olan ölkə Prezidentimiz İlham Əliyevin apardığı bu uğurlu və məqsədyönlü siyasət öz bəhrəsini verəcək və bayrağımız həmin işğal olunmuş rayonlarımızın mərkəzində dalğalanacaq.
- Azərbaycan bayrağının qürurla dalğalanmasının əsasında Ulu Öndər Heydər Əliyev siyasi kursunun uğurlu davamı faktoru da dayanıb. Söz yox ki, Yeni Azərbaycan Partiyasının da burada əhəmiyyətli rolu vardır. Bu barədə hansı fikirləri söyləyə bilərdiniz?
- Artıq Yeni Azərbaycan Partiyasının 21 illiyi yaxınlaşır. Bu 21 il ərzində YAP-ın yaşı ilə yanaşı təcrübəsi də artır. Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən bu günə kimi dövlətimizin möhkəmlənməsi və qüdrətlənməsinə, ölkəmizin inkişafına, cəmiyyətimizin tərəqqisinə bütün qüvvəsini sərf edib. Partiyamızın nizamnaməsi və məramnaməsi o qədər güclü və zəkayla müəyyən olunub ki, bu gün partiyaya olan inam getdikcə daha artır. Partiyamızın keçirdiyi nəhəng konfranslar, sammitlər, forumlar, orada qəbul edilən əhəmiyyətli qərarlar da belə deməyə əsas yaradır ki, bu gün YAP dövlət quruculuğunda müstəsna yerlərdən birini tutur.
Təbii ki, burada qadınlarımızın da fəaliyyətlərini unutmaq olmaz. Çünki Vətənin, ölkənin adını uca tutan, inkişaf və tərəqqidə rol oynayan qadınlarımız həm də bayrağımızın müqəddəsliyi qarşısında əzmlə çalışırlar. Heç də təsadüfi deyil ki, partiyamızın sıralarında qadınlarımızın sayı 49 faiz təşkil edir. Bu gün XXI əsrdə hər bir vətəndaşın şüurunun formalaşdığı bir dövrdür, qloballaşan dünyamızda Azərbaycan vətəndaşının da şüurunda bu formalaşma gedir. Xüsusilə, Azərbaycan qadınlarının, Azərbaycan analarının fəaliyyətindən tükənmədən, yorulmadan danışmaq olar. Çünki bu uğurlar məhz Azərbaycan qadınlarının, Azərbaycan analarının həyata gətirdiyi və onları düzgün tərbiyə etdikləri övladlarının fəaliyyətinin nəticəsidir. Bugünlərdə ölkəmizdə keçirilən prezident seçkilərində məhz Azərbaycan qadınlarının seçki dairələrində, seçki məntəqələrində çoxluq təşkil etməsi hər birimizdə qürur hissi doğurur. Gəzdiyim məntəqələrin hamısında qadınlarımızın daha mətnli, dövlətə, rəhbərinə sadiq olduğunu bir daha gördüm. Çünki qadınlarımız yaxşı bilirlər ki, dünyanın ən əziz varlığı olan övladlarının gələcəyi Azərbaycanın inkişafına olan töhfədir. Bu inkişaf isə məhz möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə tərəqqisi və digər önəmli məsələlrində özünü büruzə edəcəkdir. Məhz buna görə də Azərbaycan qadınları həmişə öz dövlətinin və bu ölkənin rəhbəri olan Prezident İlham Əliyevin siyasətinə inanır, bu son ildə görülən işlər bir daha bunu sübut edir. Bu, həm də Azərbaycan adının, Azərbaycan bayrağının, Azərbaycan məfkurəsinin ucalması, yüksəlməsi deməkdir.
Mən bir daha fürsətdən istifadə edərək Bayraq Günü münasibətilə hər bir azərbaycanlını, Azərbaycan vətənsevərini ürəkdən təbrik edir, bu müqəddəs rəmzə daha layiqli vətəndaş olmağa çağırıram.
RƏFIQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB