Müsahiblərimiz radikal müxalifətin və ölkəmizi sevməyən xarici təşkilatların təsiri altına düşən gənclərin maarifləndirilməsindən danışdılar.
Sərraf Balaxan,YAP Gənclər Birliyi ofisinin rəhbəri:
- Bir məqam var ki, ölkəmizdə özünü müxalifət, hətta bəzən ana müxalifət adlandıran Müsavat və AXCP partiyalarının sıravi üzvlərindən tutmuş, birinci şəxsinə qədər atdıqları addımlar, səsləndirdikləri fikirlər, sərgilədikləri mövqelər onların öz aralarında böyük problemin, anlaşılmazlığın olduğunu təsdiq edir. Bu iki partiyanın əbədi mövqe savaşının, barışmazlığının davamlı olacağı bəllidir. Bəlli olan bir başqa fakt isə onların bu "ənənə"ni gələcəkdə də davam etdirmək niyyətinin olmasıdır. Bu səbəbdən hər iki rəhbər partiyanın gənclərini də ideya baxımından bir-birinə düşmən ediblər. Keçirdikləri bütün aksiyalarda, sosial şəbəkələrdə olan müzakirələrdə Müsavat və AXCP gənclərinin bir-birindən izolyasiya olunduğu aydın görünür. Hərəsinin öz dəstəsi, hərəsinin öz şüarı, hərəsinin öz "ərazisi" var. Hər kəs öz dəstəsini başına yığıb ona verilən təlimatı icra etməklə məşğuldur. Biz Yeni Azərbaycan Partiyası Gənclər Birliyi olaraq üzərimizə düşən bir məsuliyyət də vardır, bu aldadılmış və enerjisi səhv istiqamətdə yönəldilən gənclərə əsil həqiqətin nədən ibarət olduğunu göstərməkdən ibarətdir. YAP Gənclər Birliyi olaraq dövlətimizin inkişafı, daxili və xarici siyasətdə əldə edilən uğurlar, davamlı inkişafımızla bağlı mütəmadi maarifləndirmə tədbirləri keçiririk. Tədbirlərimizin gənclər arasında yayılması üçün atdığımız bütün addımları gənclərin daha çox cəmləşdikləri sosial şəbəkələrdə və internet forumlarında paylaşırıq. Öz yolundan sapdırılmış gənclərin dövlətə, millətə qarşı olan bir ruhda tərbiyə edilməsini həyata keçirən istənilən təşkilat və ya partiya bu işdə məsuliyyət daşıyır. Biz inanırıq ki, zaman ötdükcə reallığı dərk edən gənclər dövlətimizə, millətimizə əks olan, milli maraqlarımızı ayaqlar altında qoyan şəxslərin və ya birliklərin deyil, məhz dövlətin qorunması və inkişafı üçün çalışan gənclərin yanında olacaqlar. Bir gənc kimi, onlara tövsiyəm bundan ibarət olardı ki, öz zamanlarını kiminsə şəxsi istəklərini reallaşdırmağa deyil, vətən, millət üçün sərf etsinlər.

Şamil Əlizadə, YAP Gənclər Birliyinin Abşeron rayon təşkilatının üzvü:
-Təbii ki, belə gənclər var və biz onların maarifləndirilməsi işini yüksək səviyyədə aparırıq. Çalışırıq ki, onlar doğru yola qayıdıb, düzgün, dürüst işlərlə məşğul olsunlar. Öz enerjilərini, öz səmərəli, dəyərli vaxtlarını pis işlərlə, lazımsız işlərlə deyil, ağıllı, dəyərli işlər görməklə keçirsinlər. Belə gənclərə bir daha tövsiyyə edərdik ki, kimlərinsə əlaltısına çevrilməsinlər. Onlar anlamalıdırlar ki, hər bir gənc öz dövlətini, dövlətçiliyini öndə tutmalı, bu yolda xidmət etməlidir. Məlumdur ki, dövlətimiz gənclər üçün bütün gözəl şəraiti yaradıb. Gənclər bundan gözəl, bundan əla vəziyyət, şərait tapa bilməzlər. Buna görə də, hansısa öz mənafeini düşünən, xalqı, milləti saymayan insanların təsiri altına düşmək qəti şəkildə olmaz. Mən inanıram ki, apardığımız maarifləndirmə işləri öz nəticəsini verəcək və bu cür gənclər səhv yoldan çəkinəcəklər.

Tərlan Səfərov, YAP Gənclər Birliyinin Xətai rayon təşkilatının idarə heyətinin üzvü:
- Bu gün müxtəlif üsullarla dövlətçiliyə qarşı çıxan, Azərbaycanın uğurlarına kölgə salmaq istəyən və bu yolla öz şəxsi maraqlarını güdən təxribatçı qüvvələr sosial şəbəkələrdə də bəzi gənclərdən alət kimi istifadə edirlər. Mən çox təəssüf edirəm ki, təsir altına yetkin siyasi şüura malik olmayan gənclər düşür. Bu vəziyyətdən xarici qüvvələr, həm də daxildəki müəyyən bədxaq qüvvələr faydalanmağa çalışırlar. Özünü Azərbaycan vətəndaşı hesab edən gənc heç zaman dövlət əleyhinə radikal çıxışlar etməməlidir. Mən bu cür dövlət və hökumət əleyhinə səsləndirilən şüarlarları qəti şəkildə pisləyirəm. Həmin gənclərdən də istəyim odur ki, radikal müxalifətin çirkin oyunlarının təsiri altına düşməsinlər. Həmin gənclər nə qədər ki, gec deyil ayılsınlar və bu cür çirkin oyunlardan kənara çəkilsinlər. Çünki onlar adlarını müxalifət qoyan, lakin bətxaq qüvvələrin oyununun qurbanlarıdırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB