Politoloq: “Həmsədrlərin səfəri prezidentlər səviyyəsində görüşün keçirilməsinə hesablanıb” MÜNASİBƏT

Politoloq: “Həmsədrlərin səfəri prezidentlər səviyyəsində görüşün keçirilməsinə hesablanıb” MÜNASİBƏT

"ATƏT-in Minsk Qrupunun gələn həftə ölkəmizə səfərinin məqsədi əslində prezidentlər səviyyəsində görüşün keçirilməsinə münbit şərait yaratmaqdan ibarətdir". Bu sözləri SİA-ya politoloq Elman Nəsirli həmsədrlərin ölkəmizə səfərinə gəlməsinə münasibət bildirərkən deyib.

Politoloq bildirib ki, 1999-cu ildən prezidentlər səviyyəsində görüşlərin keçirilməsi ənənəsi 2012-ci ilin yanvarından tətbiq edilmir. Onun sözlərinə görə, danışıqlar prosesi tam dalana dirənib: "Artıq münaqişə tərəflərinin hər ikisində də prezident seçkiləri keçirildiyindən prinsip etibarilə danışıqları bərpa etmək üçün müəyyən potensial imkanlar yaranıb. Həmin imkandan həmsədrlər maksimum faydalanmaq istəyir. Düşünürəm ki, həmsədrlərin xüsusi nikbinliyi üçün ciddi əsas yoxdur. Azərbaycan tərəfi danışıqlar naminə danışıqlara getmək niyyətində olmadığını dəfələrlə bildirsə də, Ermənistan tərəfdən heç bir konstruktiv mövqe nümayiş olunmur. Hətta onun qeyri-konstruktiv mövqeyinə yeni neqativ ştrixlər də əlavə olunub. Belə ki, Ermənistan prezidenti Serj Sarkisyan oktyabrın 2-də AŞPA tribunasından Azərbaycanı hədələyən bəyanatla çıxış edib. O, Azərbaycan torpaqlarının işğalını 20 faizdə saxlamaycaqlarını, onun 30 faizə çatdırmaq niyyətində olduqlarını bəyan edib. Sarkisyan bu davranışı ilə işğalçı olduqlarını etiraf etməklə yanaşı, digər tərəfdən beynəlxalq hüququ və onun keşiyində dayanmalı olan AŞPA-nın nüfuzunu əyaq altına salıb. Reaksiya isə sıfıra bərabərdir".

E.Nəsirli həmçinin vurğulayıb ki, belə siyasətin artıq bir dəfə Avropanı faşizmin qurbanına çevirdiyi acı həqiqətdir: "Həmsədrlərin yeni təkliflərlə gəldiyi haqqında heç bir məlumat yoxdur. Köhnə təklifləri-yenilənmiş Madrid prinsiplərini Ermənsitanın qulaq ardına vurduğu ilk növbədə həmsədrlərə yaxşı məlumdur. Deməli, həmsədrlərin bu səfəri münaqişənin həlli prosesinə kəmiyyət əmsalı baxımından forma yeniliyi gətirsə də, nəticə, necə deyərlər, "ruscadır"".

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri gələn həftənin əvvəlində Azərbaycana səfərə gələcəklər. Səfər zamanı həmsədrlər Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcəklər. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində yaranmış vəziyyət müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə