Zahid Oruc: “Gömrük İttifaqı Putinin seçki platformasının əsasını təşkil edir” AÇIQLAMA

Zahid Oruc: “Gömrük İttifaqı Putinin seçki platformasının əsasını təşkil edir” AÇIQLAMA

"Vahid Gömrük İttifaqı ideyası Rusiya prezidenti Vladimir Putinin seçki platformasının əsasını təşkil edirdi. O düşünürdü ki, növbəti dövr Rusiyanın özünə qayıdışı məhz belə iddialı planlarla, strateji layihələrlə daha da keçərli olacaq". Bunu SİA-ya millət vəkili Zahid Oruc Gömrük İttifaqına daxil olan ölkələrin nələr əldə edə biləcəyi ilə bağlı məsələləri şərh edərkən deyib.

Parlament üzvünün sözlərinə görə, sadə rus vətəndaşının nəzərində hər zaman imperiya duyğuları mühüm yer tutub: "Təbii ki, bundan da yararlanmaq cəbhəçilərin ən ümdə işi və vəzifəsidir. Vladimir Putinin istər Avrasiya, istərsə də Gömrük İttifaqı ilə əlaqəli məsələləri Qazaxıstan dövləti vasitəsilə ictimailləşdirdi və onu mühüm layihələr halına gətirdi. Rusiyanın siyasi elitasındakı mərkəzlər, institutlar və digər təhlil qrupları da bunun üzərində geniş iş aparıblar. İlkin dövr üçün onlar düşünürdülər ki, müxtəlif sahələrdə (maşınqayırma, enerji resursları və s.) əməkdaşlığın cazibədar əsasları var. Ancaq gəlin görək, ölkələr vahid ittifaqa qoşularkən nəyi əldə edə bilərlər? Bu, artıq hesablanıb. Əvvəla, Avropa Birliyinə (AB) bundan alternativ yaratmaq qeyri-realdır. Azərbaycan və digər keçmiş Sovet ölkələri qərblə yaxşı əlaqələr qurub. Bizim nə üçün qonşu Rusiya ilə müqayisədə İtaliya və yaxud digər Avropa ölkələri ilə daha sıx ticari əlaqələrimiz mövcuddur? Burada sadə liberallaşma xətti yürüdülüb, eləcə də azad bazar əlaqələri və ikitərəfli münasibətlər gerçəkləşdirilib".

Bütün xəbərlər Facebook səhifəmizdə