Politoloq: “ATƏT-in budəfəki bəyanatı da qeyri-müəyyən şəkildə hazırlanıb” MÜNASİBƏT

Politoloq: “ATƏT-in budəfəki bəyanatı da qeyri-müəyyən şəkildə hazırlanıb” MÜNASİBƏT

ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik oktyabrın 17-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq zamanı baş verən insidentlə bağlı bəyanat yayıb. Bununla bağlı SİA-ya fikir bildirən siyasi ekspert Elman Nəsirli deyib ki, hər zaman olduğu kimi ATƏT-in bu dəfəki bəyanatı da qeyri-müəyyən şəkildə hazırlanıb.

Onun sözlərinə görə, ATƏT keçirdiyi monitorinq zamanı belə bir insidentlə rastlaşsa da, həlledici mövqe ortaya qoymadı: "Həmsədrlər, ATƏT sədrinin xüsusi nümayəndəsi etiraf edir ki, 1994-cü ildə əldə olunan atəşkəs rejimi tez-tez pozulur. Lakin onlar atəşkəsi pozan tərəfin üzərinə heç bir məsuliyyət qoymur.

Halbuki Azərbaycan tərəfi dəfələrlə ATƏT-in Minsk qrupu, eyni zamanda ATƏT sədrinin şəxsi nümayəndəsi qarşısında belə bir məsələ qaldırıb ki, Ermənistan tərəfi tez-tez atəşkəs rejimini pozur. Amma ATƏT-in Minsk qrupu həlledici mövqeyini bildirməkdən yayınır. Onlar düşünmürlər ki, bu proseslər ağır nəticələrə gətirib çıxara bilər. Belə olan təqdirdə, ATƏT-in Minsk qrupunun heç istəmədiyi müharibə versiyası reallaşa bilər".

E. Nəsirli vurğulayıb ki, həmsədrlərin bu bəyanatı da əvvəlkilərdən fərqlənmədi: "Onlar yenə də qeyri -müəyyənliyə yol verdilər. Belə ki, bəyanatda atəşkəsin kim tərəfindən pozulduğu qeyd olunmadığı üçün, onu istənilən istiqamətdə yozmaq mümkündür. Nə qədər ki ATƏT monitorinqlərə, eyni zamanda münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlar prosesində real vəziyyətə qiymət verməyəcək, münaqişənin həlli də bir o qədər çətinləşəcək. Əminəm ki, bu dəfə də onlar balanslaşdırımış siyasət həyata keçirməklə, işğala məruz qalan tərəflə işğalçı tərəf arasında bərabərlik işarəsi qoyacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə