Almaniyadakı diasporumuz seçkilərlə bağlı bəyanat verib

Almaniyadakı diasporumuz seçkilərlə bağlı bəyanat verib

Almaniyada fəaliyyət göstərən "Xəzər" Hannover Cəmiyyəti 2013-cü il oktyabrın 9-da keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan edib. SİA-nın məlumatına görə, bəyanatda deyilir: "Biz inanırıq və əminik ki, Azərbaycan xalqı müdrik seçim edərək ötən prezidentlik dövründə ona göstərilən etimadı öz əməli fəaliyyəti ilə tam doğrultmuş, zəngin bilik və bacarığını xalqı rifahı, dövlətimizin möhkəmlənməsinə həsr etmiş görkəmli və müasir dövlət xadimi İlham Əliyevə səs verəcək, onu yenidən Azərbaycan Prezidenti edəcək!"

Daha sonra müraciətdə müstəqillik əldə etdikdən sonra Azərbaycanın qazandığı nailiyyətlər, diaspor quruculuğu istiqamətində aparılan uğurlu siyasət öz əksini tapıb. Həmçinin qeyd edilib ki, Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı - İlham Əliyevin hakimiyyəti dövründə ölkəmizdə yürüdülən sistemli siyasət bu gün Azərbaycanın Avropa üçün strateji tərəfdaşlardan biri olduğunu əyani şəkildə nümayiş etdirir. Bunun nəticəsidir ki, Avropa Azərbaycanla bir çox sahələrdə, o cümlədən enerji sahəsində də əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Bütün bu nailiyyətlər, Azərbaycanın sürətli inkişafı, həyata keçirilən hüquqi, demokratik islahatların uğurlu nəticələri ölkəmizin parlaq gələcəyindən xəbər verir.

"Xəzər" Hannover Cəmiyyətinin bəyanatında vurğulanır ki, son zamanlar bəzi həmyerlilərimiz azərbaycanlı adını daşımağa layiq olmayan və buna mənəvi haqqı çatmayan üzdəniraq siyasi simalar ilə həmrəylik nümayiş etdirərək Azərbaycanın son illərdə əldə etdiyi misilsiz nailiyyətləri və inkişafını gözdən salmaq istəyir: "Bu bizim tərəfimizdən heç bir vəchlə təqdir olunmur. Avropadakı Azərbaycan diasporu milli və dövlət maraqlarımıza aid məsələlərdə razılaşdırılmış mövqe nümayiş etməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə