Son günlər ölkəmiz qonaqlı-qaralıdır. Xarici ölkələrin hökumət və dövlət başçıları Azərbaycana səfərlər edirlər. İtaliyanın baş nazirinin və Rusiya prezidentinin ardınca türkdilli ölkələrin dövlət başçıları Azərbaycanın Qəbələ şəhərinə toplaşıblar. Müsahiblərimiz dünyanın diqqətinin Azərbaycana yönəlməsini ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu və iqtisadi, siyasi uğurlara imza atması ilə əlaqələndiriblər.
Məlahət İbrahimqızı, millət vəkili:
- Gənc müstəqil dövlət olan, geosiyasi mövqeyi, zəngin karbohidrogen ehtiyatları ilə zəngin Azərbaycan bir sıra nəhəng dövlətlərin yer aldığı bir çox nufuzlu beynəlxalq təşkilatların üzvüdür. Zaman-zaman bir sıra beynəlxalq tədbirlərin keçirilməsində ev sahibliyini üzərinə götürmüş və bu işi layiqincə yerinə yetirmişdir. Qısa müddət ərzində dünya arenasında misilsiz nailiyyətlər əldə edən, bir çox iri layihələrə imza atan ölkəmizə xarici təşkilatların, xarici dövlətlərin marağı ilbəil artmaqdadır. Bu da Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətinin göstəricisidir. Dünyada iqtisadi böhranın olmasına baxmayaraq, ölkəmizdə heç bir sahədə böhran yaşanmadı. Cənab Prezidentin imzaladığı "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram"larının yüksək səviyyədə həyata keçirilməsi sayəsində Azərbaycanın ən ucqar kəndində belə inkişafı görməmək mümkün deyil. Bölgələrin inkişafı ilə rayonlarımız bəzi qonşu ölkələrin paytaxtlarından öndədir. Dövlət başçısı mütəmadi olaraq dövlət əhəmiyyətli obyektlərin açılışında iştirak edir. Əhalinin rifah halının yaxşılaşdırılması üçün lazımi tədbirlərin görülməsi üçün öz tapşırıqlarını verir. Son zamanlar xarici dövlət rəhbərlərinin Azərbaycana gəlişinin intensiv hal alması ölkəmizin dünya ölkələri üçün müttəfiq olmasının göstəricisidir. İtaliyanın baş naziri Enriko Lettanın ölkəmiz haqqında söylədiyi fikirlərində digər dövlətlərin örnək götürəcəyi nüanslar var idi. Rusiya prezidenti Vladimir Putin isə səfər zamanı iki ölkənin əməkdaşlığı, dostluq əlaqələri üzərində müzakirələr apardı, ikitərəfli sənədlər imzalandı. Bütün bunlar təbii ki, Ermənistanı qarışdırıb, gərginlik yaratdı. Artıq onlar anlayırlar ki, Azərbaycan ilə rəqbət apara biləcək bir gücdə deyillər. Bu baxımdan Ermənistan təşviş içindədir. Dünyada gücünü göstərəcək, sözünü deyə biləcək dövlətlər, dövlət başçıları ilə Azərbaycan ilə əməkdaşlıq etməkdə maraqlıdırlar. Çünki bu gün Azərbaycan xarici ölkələrə idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib.
Musa Quliyev, millət vəkili:
-Son illər Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. İstər idman, musiqi, istərsə də mədəniyyət, elm, sosial iqtisadiyyat sahələrində davamlı şəkildə beynəlxalq tədbirlər keçirilir və eləcə də müxtəlif ölkələrin rəsmi şəxsləri, dövlət başçıları, baş nazirlər, parlament sədrləri səviyyəsində Azərbaycana səfərlər edilir. Ölkəmizə marağın əsas səbəbi Azərbaycanın dinamik inkişaf edən, demokratik-hüquqi bir dövlət kimi dünya dövlətləri içərisində öz yerini tutması və nüfuzunun gündən-günə artmasıdır. Azərbaycan əhalisinin sayına və ərazisinə görə dünyanın kiçik dövlətlərindən hesab olunsa da hal-hazırda dünyada aparıcı dövlətlərin tədbirlərinə çox uğurla qatılan və sayılıb-seçilən dövlətlərdən biridir. Təsadüfi deyil ki, neçə illərdir Davos Forumunun ən aparıcı dövlətlərindən biri Azərbaycandır. Azərbaycan BMT-nin Təhlkükəsizlik Şurasının daimi üzvüdür. Bu gün ölkəmizin peyki 11 dövlətin peykləri sırasındadır. Belə uğurları çox sadalmaq olar və bütün bu uğurların hamısı Azərbaycan dövlətinin son illərdə, xüsusilə son 10 ildə sürətli və dinamik inkişafının nəticəsidir. Eyni zamanda, Azərbaycan Prezidentinin dünyadakı şəxsi nüfuzunun bariz nümunəsidir. Xarici dövlət rəhbərlərinin ölkəmizə səfərlərinin intensivliyi burada gedən inkişafla, beynəlxalq tədbirlərin keçirilməsi ilə əlaqədardır. Beynəlxalq təşkilatların, xarici dövlətlərin müxtəlif sahələrdə marağının artması və həmin marağın gündən-günə güclənməsi Azərbaycanın bir dövlət kimi dünya dövlətləri sırasında nüfuzlu yeri ilə bağlıdır. Bu səfərlərin Azərbaycanda bu il keçiriləcək seçkilərlə heç bir əlaqəsi yoxdur və bu seçkilər Azərbaycan dövlətinin daxili işidir. Azərbaycan xalqının iradəsini ifadə edəcək və gələcək 5 ildə də kimi özünə rəhbər görmək istədiyini müəyyənləşdirəcək bir prosedurudur.
Aydın Mirzəzadə, millət vəkili:
- Dünyanın Azərbaycana marağının artması aparılan düzgün daxili və xarici siyasətlə bağlıdır. Azərbaycanın apardığı siyasət onun beynəlxalq hüquq normalarına uyğun olaraq hərəkət etmək istəyindən xəbər verir. Azərbaycan dünyada stabilliyin və sülhün qorunması üçün çalışan ciddi dövlətlərdən, regionda və dünyada günü-gündən nüfuzu artan güclü siyasi oyunçulardan, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərindən biridir. Ölkəmizdə səfərdə olan hər bir dövlət ilə dövlət başçısı ilə Azərbaycanın xüsusi münasibətləri var. İtaliya ilə diplomatik əlaqələr gücləndirilməkdədir. Azərbaycan bu gün İtaliyaya yalnız enerji daşıyıcısı deyil, eyni zamanda Azərbaycan sənayesinin bir çox məhsullarını ixrac edir. Hesab edirəm ki, İtaliyanın baş naziri Enriko Lettanın Azərbaycana səfəri qarşılıqlı fayda üçün qərarların verilməsinə gətirib çıxaracaq. Rusiya ilə münasibətlərə gəlincə isə Azərbaycan üçün bu, prioritet məsələdir. Biz qonşu ölkələrik. Putinin Azərbaycana səfəri həm ikitərəfli əlaqələri gücləndirməyə, həm də bir sıra beynəlxalq məsələləri müzakirə etməyə şərait yaradacaq. Azərbaycan Rusiya üçün çox ciddi bir tərəfdaş, eyni zamanda maraq doğuran bir ölkədir. Azərbaycan böyük bir regionla əlaqə üçün bir açar rolunu oynamaqdadır.
Cümşüd Nuriyev, politoloq:
- Mən ilk növbədə bunu Azərbaycanın strateji mövqeyi ilə əlaqələndirərdim. Digər bir tərəfdən, mənim fikrimcə, bu, Azərbaycanın yürütdüyü xarici siyasət və Qafqazda açar dövlət statusunu ələ keçirməsi ilə bağlıdır. Dünya dövlətlərinin Azərbaycana marağı təkcə Qafqaz regionu ilə deyil, eyni zamanda Avropada mövcud olan enerji təhlükəsizliyi ilə bağlıdır. Putinin Azərbaycana səfərindən öncə belə bir şaiyələr dolaşırdı ki, onun ölkəmizə gəlişindən sonra "Milli Şura"nın sədri bu ara gələcək. Lakin göründüyü kimi bu əsassız fikirlər özünü doğrultmadı. Rusiya üçün bu səfər önəm daşıdığı kimi, eyni zamanda, Azərbaycan üçün də zəruri idi. Çünki Rusiyada çoxsaylı azərbaycanlı immiqrantlar yaşayır. Onların taleyi ölkəmiz üçün vacibdir. Digər bir tərəfdən Ermənistan da Putinin gəlişindən təşviş keçirir.
Dünəndən başlayaraq, sözügedən ölkənin politoloqları məsələyə özlərinin düşündükləri tərzdə münasibət bildirirlər. İlk növbədə Ermənistan artıq dərk edib ki, hal-hazırda Ermənistanda hakimiyyətdə olan iqtidar ölkənin inkişafı ilə bağlı heç bir tədbir görmür. Onlar sadəcə öz ailələrini və şəxsi büdcələrini düşünürlər. Müşahidələr onu deməyə əsas verir ki, Azərbaycan artıq Ermənistanı öz daxilindən parçalamağa başlayıb.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB