Seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların açılış mərasimi keçirilib

Seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların açılış mərasimi keçirilib

Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) bu ilin oktyabrında keçiriləcək prezident seçkiləri ilə bağlı dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, kurslar Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"na əsasən, aşağı seçki komissiyası üzvlərinin maarifləndirilməsi ilə əlaqədar təşkil olunur.

Kursların açılış mərasimində MSK sədri Məzahir Pənahov, Prezident Administrasiyası rəhbərinin müavini Zeynal Nağdəliyev, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Milli Məclisin sədr müavini Ziyafət Əsgərov və ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay iştirak edirlər.

Qeyd edək ki, avqustun 4-dək davam edəcək kurslarda məruzəçi qismində Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Prezident Administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Ədliyyə nazirinin müavini Azər Cəfərov, Daxili işlər nazirinin müavini Oruc Zalov, Baş prokurorun birinci müavini Rüstəm Usubov, Ali Məhkəmənin sədr müavini Ramiz Rzayev, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev, Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov və MSK üzvləri çıxış edəcəklər.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə