SAM-da altı ayın yekunlarına dair hesabat keçirilib

SAM-da altı ayın yekunlarına dair hesabat keçirilib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) 2013-cü ilin ilk altı ayı ərzində fəaliyyətinə dair hesabatı keçirilib. SİA-nın məlumatına görə, SAM-ın direktoru Fərhad Məmmədov deyib ki, 2013-cü ilin ilk altı ayı ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) tərəfindən Mərkəzin elmi-tədqiqat və elmi-təşkilatı planlarına uyğun olaraq müvafiq fəaliyyət həyata keçirilib.

Fərhad Məmmədov deyib ki, 2013-ci ilin yanvar-iyun aylarında Mərkəzin elmi-təşkilati işlərinin planına uyğun olaraq SAM tərəfindən Azərbaycanda və xaricdə iyirmi müxtəlif tədbir təşkil edilib. Onlardan 16-sı Azərbaycanda, 4-ü isə xaricdə keçirilib: "SAM həmçinin hesabat müddətində 2 ümumrespublika konfransı və iki beynəlxalq forum da təşkil edilib".

SAM direktorunun sözlərinə görə, 2013-cü ilin 17-18 may tarixində Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən Şərq-Qərb strateji körpüsü: QDƏT regionunda təhlükəsizlik, inkişaf və inteqrasiya mövzusunda Qara Dəniz Əməkdaşlıq Təşkilatına (QDƏT) üzv dövlətlərin beyin mərkəzlərinin beynəlxalq forumu təşkil edilib: "11 dövlətdən 20-yə yaxın beyin mərkəzlərinin nümayəndəsinin qatıldığı bu forumda Qara Dəniz regionunda iqtisadi, siyasi, enerji, təhlükəsizlik, münaqişələr, nəqliyyat, ictimai diplomatiya və kimliklərin formalaşması kimi mövzular ətrafında müzakirələr aparılıb. Forumun yekununda iştirakçılar tərəfindən bu tipli forumların davamlı şəkildə keçirilməsinin əhəmiyyəti vurğulanmış və qeyd edilib ki, formalaşmaqda olan Qara Dəniz Əməkdaşlıq regionu üçün region daxili ünsiyyət və əlaqələrin genişləndirilməsi olduqca aktualdır".

2013-cü ilin yanvar ayında ÇXR-a səfər zamanı bu ölkənin Müasir Beynəlxalq Münasibətlər Akademiyası və ÇXR-in Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutu ilə Əməkdalığa dair Anlaşma Memorandumları imzalanıb. Bu dövrdə nümayəndə heyəti eləcə də Çinin digər aidiyyati qurumlarında, o cümlədən ÇXR-in Müasir Beynəlxalq Münasibətlər Akademiyasında, ÇXR-in Dövlət Şurasının İnkişaf Araşdırmaları Mərkəzi yanında Avropa və Asiya Sosial İnkişaf İnstitutunda, ÇXR-in Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi-Avropa və Mərkəzi Asiya İnstitutunda və eləcə də ÇXR-in Xarici İşlər Nazirliyində görüşlər keçirib.

Diqqətə çatdırılıb ki, 2013-cü ilin ilk altı ayı ərzində SAM-ın əməkdaşları tərəfindən 62 qapalı xarakter daşıyan arayış və eləcə də hesabatlar hazırlanıb, xarici ölkələrin və Azərbaycanın elmi jurnallarında, mətbuatında və elektron mediada 1 monoqrafiya və 119 məqalə çap edilib və 76 müsahibə verilib: "Hesabat dövründə SAM-ın əməkdaşlarının iştirakı ilə üç brifinq keçirilib. Ermənistanın iqtisadiyyatının təhlilinə həsr edilmiş və fevralda keçirilmiş ilk brifinqdə İqtisadiyyatın təhlili və Qloballaşma məsələləri şöbəsinin aparıcı elmi işçisi Zaur Vəliyev Ermənistan iqtisadiyyatının mövcud vəziyyəti ilə bağlı təqdimatla çıxış edib. Apreldə keçirilmiş ikinci brifinqdə Xarici siyasət məsələlərinin təhlili şöbəsinin baş elmi işçiləri Məsiağa Məhəmmədi və Cavid Vəliyev müvafiq olaraq İran İslam Respublikasında seçkiqabağı vəziyyətə və Türkiyə - İsrail münasibətlərinə, həmin şöbənin aparıcı elmi işçisi Rəşad Kərimov isə ÇXR-ın müasir xarici siyasəti və perspektivlərinə dair çıxış ediblər. Üçüncü brifinq iyun ayında təşkil edilib ki, bu brifinqdə mən SAM-ın direktoru olaraq Ermənistanda hazırkı ictimai-siyasi vəziyyəti ilə bağlı, Xarici siyasət məsələlərinin təhlili şöbəsinin baş elmi işçisi Məsiağa Məhəmmədi İrandakı seçkiqabağı vəziyyətin dəyərləndirilməsinə dair və Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Zaur Şiriyev isə Türkiyə - Azərbaycan Gürcüstan münasibətlərinin yeni formatı haqqında öz fikirləri ilə bölüşüblər".

SAM rəhbəri bildirib ki, bu dövrdə beynəlxalq əməkdaşlıq çərçivəsində 5 beyin mərkəzi ilə memorandum və sazişlər imzalanıb: "Bu mərkəzlər arasında Çin Xalq Respublikasının Müasir Beynəlxalq Münasibətlər Akademiyası, Çin Xalq Respublikasının Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutu, İraq Strateji Araşdırmalar Qrupu, Avropa Siyasət Mərkəzi və Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutu vardır. 2013-cü ilin ilk altı ayı ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşları 63 xarici ezamiyyətdə olublar. Bütün bu ezamiyyətlər dövründə SAM-ın əməkdaşları müxtəlif konfrans və tədbirlərdə məruzəçi kimi çıxış edib, işgüzar görüşlərə qatılmaqla SAM-ı təmsil edib və eləcə də SAM-ın 2013-ci il üçün elmi-təşkilati işlərinin planına uyğun olaraq SAM-ın xarici tərəfdaşları ilə birgə xaricdə bir sıra tədbirlər təşkil edib, beynəlxalq əməkdaşlıq sahəsində memorandum və sazişlərin imzalanmasında yaxından iştirak ediblər".

Bütün xəbərlər Facebook səhifəmizdə