Faiq Qürbətov: “Bu il jurnalistlər üçün "Media Düşərgə" layihəsi həyata keçiriləcək”

Faiq Qürbətov: “Bu il jurnalistlər üçün "Media Düşərgə" layihəsi həyata keçiriləcək”

"Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 3-cü qrant müsabiqəsi ilə bağlı müraciətlərin qəbulu avqustun 12-də başa çatacaq". SİA-nın məlumatına görə, bunu bu gün Gənclər Fondu Aparatının rəhbəri Faiq Qürbətov 22 iyul - Milli Mətbuat Günü münasibətilə təşkil olunan tədbirdə iştirakı zamanı bildirib.

Faiq Qürbətov bildirib ki, Gənclər Fondu 580 gündür fəaliyyət göstərir: "Bu müddət ərzində 3 qrant müsabiqəsi elan olunub. Sonuncu qrant müsabiqəsi ilə bağlı müraciətlərin qəbulu avqustun 12-də başa çatacaq. Bu müddət ərzində Gənclər Fondunda 871 müraciət qeydə alınıb. Onlardan 461-i fərdi şəxslər, 410-u isə QHT-lərdir. Birinci qrant müsabiqəsi çərçivəsində 1 950 820 manat, ikinci qrant müsabiqəsinə isə 1 338 740 manat maliyyə vəsaiti ayrılıb.

Aparat rəhbəri deyib ki, ikinci qrant müsabiqəsinə 387 layihə ilə müraciət edilib: "Onlardan 177-si Fond tərəfindən dəstəklənib. Ümumilikdə bu günə qədər Gənclər Fonduna 600-ə qədər layihə təqdim edilib. Onlardan 300-ə qədəri Fond tərəfindən maliyyələşdirilib. Gənclər Fondu 110 ölkənin gənclər təşkilatları ilə əlaqə yaradıb".

F.Qürbətov həmçinin bildirib ki, Gənclər Fondu bu il jurnalistlər üçün "Media Düşərgə" layihəsini həyata keçirəcək: "Layihə çərçivəsində Azərbaycanın gənc jurnalistləri bir neçə gün ərzində faydalı informasiya əldə edəcəklər ki, onlardan da gələcəkdə gənclər, eləcə də QHT-lər haqqında məlumatlar hazırlayarkən istifadə edə biləcəklər. Aparılan seçim əsasında "Media Düşərgə"yə 50-yə yaxın gənc jurnalist cəlb olunacaq. Ölkənin səfalı məkanlarının birində və ya Bakıda təşkil olunacaq düşərgə zamanı seminarlar, həmçinin asudə vaxtın təşkili üçün tədbirlər keçiriləcək. Layihəyə gənclərlə bağlı materiallar hazırlayan jurnalistlər cəlb olunacaq."

Bütün xəbərlər Facebook səhifəmizdə