Jurnalistlərin VI Qurultayı ilə bağlı qəzet redaktorlarının TƏƏSSÜRATLARI

Jurnalistlərin VI Qurultayı ilə bağlı qəzet redaktorlarının TƏƏSSÜRATLARI

Azərbaycan Jurnalistlərinin VI qurultayında iştirakı zamanı qəzet redaktorları öz təəssüratlarını SƏS TV ilə bölüşüb.

"Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov:

"Azərbaycan Jurnalistlərinin 6-cı Qurultayında çox vacib məsələlər qoyuldu. Qurultay səmərəli keçdi və maraqlı çıxışlar oldu. Bu Qurultayın ən mühüm xüsusiyyətlətindən biri odur ki, iki mühüm sənədə Mətbuat Şurasının nizamnaməsinə və Peşə Davranışı qaydalarına dəyişiklik qəbul olundu. Bununla belə, Mətbuat Şurasının ötən ildəki fəaliyyətinə yüksək qiymət verildi. Hesab edirəm ki, növbəti dövr ərzində Azərbaycanda söz, mətbuat azadlığı daha da inkişaf edəcək".

"İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə:

"Azərbaycanda Jurnalistlərinin 6-cı Qurultayı böyük əhval-ruhiyyə ilə keçirilir. Burada jurnalistlər aktiv şəkildə iştirak edirlər. Qurultayda peşə davranış qaydalarında müəyyən dəyişikliklər də nəzərdə tutuldu. İlk öncə bütün jurnalistləri Qurultayın keçirilməsi və iyulun 22-də qeyd olunacaq jurnalistlərin peşə bayramı münasibətilə təbrik edirəm. Hesab edirəm ki, Azərbaycan cəmiyyətində, jurnalistlər aktiv şəkildə vətəndaşlıq mövqeyi nümayiş etdirməklə, öz peşələrində sədaqətli yazıları ilə yadda qalmalıdırlar".

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli:

"Azərbaycan jurnalistlərinin həyatında Mətbuat Şurasının Qurultayı xüsusi önəm kəsb edir. Bu, bir növ bayramdır. Burada jurnalistlər toplaşaraq MŞ-nın İdarə heyətini seçirlər, mühüm qərarlar qəbul edirlər. Hesab edirəm ki, indiki dövrdə bu, çox əhəmiyyətlidir. Ötən dövr ərzində mühüm hadisələr baş verib. Belə ki, Kütləvi İnformasiya Vasitələrinə (KİV) Dövlət Dəstəyi Fondu yaradılıb. Azərbaycan Respublikasının prezidenti tərəfindən təsdiqlənmiş Konsepsiya əsasında bu proses uğurlu şəkildə aparılıb. KİV-ə Dövlət Dəstəyi Fondu özünü institut kimi doğruldub. Bu baxımdan hesab edirəm ki, jurnalistlər bu Qurultaya tamamilə fərqli düşüncə ilə gəliblər. Hesab edirəm ki, bu Qurultay Azərbaycan jurnalistlərinin həyatında böyük önəm daşıyacaq".

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı:

"Bu, Azərbaycan jurnalistlərinin növbəti ənənəvi Qurultayıdır. Hər il 4-5 ildən bir MŞ-nın Nizamnaməsinə uyğun olaraq, bu qurultaylar təşkil edilir və burada mühüm əhəmiyyətli qərarlar qəbul olunur. Mən hər kəsi, xüsusilə jurnalistləri bu bayram münasibətilə səmimi qəlbdən təbrik edir və hər kəsə uğurlar arzu edirəm".

"Ayna" və "Zerkalo" qəzetlərinin baş redaktoru Elçin Şıxlı:

"Təbii ki, bu kimi Qurultaylar mütəmadi təşkil olunmalıdır. İlk növbədə bu, Mətbuat Şurasının Nizamnaməsində də mövcuddur. Jurnalistlərin bir yerə toplaşıb problemlərini müzakirə etməsinə ehtiyac var. Bu mənada hesab edirəm ki, bugünkü Qurultay belə toplantıların ən alilərindəndir".

"Sumqayıt" qəzetinin baş redaktoru Qüdrət Məlikov:

"Bu gün sözün əsl mənasında jurnalistlərin bayramıdır. Çünki, son Qurultaydan keçən dövr ərzində Azərbaycan jurnalistlərinin həyatında, taleyində, işində, peşəsində olduqca böyük irəliləyişlər olub. Hamıya məlumdur ki, 1998-ci il avqustun 6-da Ulu öndər Heydər Əliyevin fərmanı ilə mətbuatdan senzura götürülüb. Mən uzun illərdir ki, mətbuatda çalışıram. Sovet hakimiyyəti illərində senzuranın jurnalistlərə nə qədər əzab verdiyinin şahidi olmuşam. Bildiyiniz kimi, iyulun 22-də Mətbuat günü ərəfəsində Azərbaycan jurnalistlərinə mənzillər paylanacaq. Təbii ki, bu, hər bir jurnalisti sevindirir. Arzu edirəm ki, gələcəkdə də bu ənənə davam etdirilsin. Əməkdar jurnalist olmağıma və məni bu ada layiq gördüyünə görə ölkə prezidenti İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. İnanıram ki, MŞ-nın yeni heyəti əvvəlki kimi uğurla fəaliyyət göstərəcək. Onlara uzun ömür, iti qələm arzu edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə