"Zəngəzur toponimləri" adlı kitabın təqdimat mərasimi keçirilib YENİLƏNİB

"Zəngəzur toponimləri" adlı kitabın təqdimat mərasimi keçirilib YENİLƏNİB

Bu gün "Park İnn Hotel"də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə hakim partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Musa Urudun müəllifi olduğu kimi "Zəngəzur toponimləri" adlı kitabın təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov, icra katibinin müavinləri, Siyavuş Novruzov, Mübariz Qurbanlı, millət vəkilləri, ziyalılar və qəzet baş redaktorları iştirak ediblər.

Mərasimi giriş nitqi ilə açan YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı deyib ki, millət vəkili Musa Urudla birgə parlamentdə, Qara Dəniz Əməkdaşlıq Təşkilatının (QƏT) tədbirlərində çıxışları olub: "Həmin tədbirlərdə Musa Urud çıxışı zamanı yalnız bir məqama toxunub. Beləki həmin çıxışlarda Ermənistanın Azərbaycana qarşı işğalçılığını ifşa edən faktlar önə çəkilirdi. Kitabda tarixi faktlarla yanaşı, epizodlar da öz dəqiqliyi ilə təqdim olunub. Hamıya məlumdur ki, tarixdə həqiqət qızıla bərabərdir, yalan isə həmişə çürüyəcək. Zəngəzurla bağlı xeyli sayda kitab, əsər, faktlara söykənən dəlil və sübutlar var".

Xatırladaq ki, Prezident İlham Əliyev də dəfələrlə öz çıxışlarında İrəvan xanlığı və s. ilə bağlı tezislər səsləndirib.

Daha sonra "Zəngəzur toponimləri" adlı tarixi film nümayiş etdirilib.

Tədbirdə çıxış edən Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov kitabın əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu kitab tariximizin gələcək nəsillərə düzgün çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir: "Kitabı oxuyarkən Zəngəzur haqqında böyük təəssürat yaranır. Bu kitabı yazan insanın qəlbində həmin torpağın ağrı-acısı hiss olunur. Bu da onu göstərir ki, adıçəkilən kitab böyük sevgi ilə ərsəyə gəlib. Əminəm ki, tezliklə biz əzəli torpağımız olan Dağlıq Qarabağı erməni işğalçılarının tapdağı altından azad edəcəyik. Azərbaycanın ildə-ilə qüdrətlənməsi, iqtisadi imkanlarının getdikcə artması, bunu daha da tezləşdirəcək. Kitab özlüyündə çox dəyərlidir. Zəngəzuru görməyən hər bir insan bu kitab vasitəsilə həmin bölgə haqqında ətraflı məlumat əldə edəcək".

Daha sonra millət vəkilləri Nizami Cəfərov, Fəzail Ağamalı, Jalə Əliyeva, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, AMEA-nın müxbir üzvü Bəylər Əliyev, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid çıxış edərək kitab haqqında dəyərli fikirlərini bölüşüblər.

Mərasimin sonunda isə kitabın müəllifi, YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Urud çıxış edərək deyib ki, "Zəngəzur toponimləri" erməni işğalı altında olan Zəngəzur torpaqlarının, qədim yer-yurd adlarının izahı, coğrafiyası, tarixi etimologiyası, folkloru ilə bağlıdır: "Bu kitabın üzərində arxiv materialları, elmi-publisistik, bədii ədəbiyyat, həmin dövrə aid xəritələr əsasında beş ilə yaxın çalışmışam. Burada 838 toponim tədqiq olunub. Onların da 90 faizdən çoxu türk, Azərbaycan mənşəli toponimlərdir. Bu, bizim Zəngəzurun Azərbaycan torpaqları olduğunu həm özümüzə, həm də dünya ictimaiyyətinə tanıtdırmağımızdır. Zəngəzur torpaqları əzəli Azərbaycan torpaqlarıdır. Buranın ilk sakinləri Azərbaycan türkləri olub. 1828-ci ildən başlayaraq Rusiya-İran arasındakı Türkmənçay müqaviləsindən sonra zaman-zaman ermənilər bura yerləşdiriliblər. 1920-ci ildə Zəngəzurun bir hissəsi Gorus, Qafan və s. rayonlar Ermənistana bağışlanıb. Beləcə, 1988-ci ilə qədər burada azərbaycanlılar yaşayıb. Bundan sonra isə azərbaycanlılar tamamilə deportasiya olunub. Təəssüflər olsun ki, Zəngəzurun Azərbaycanda olan hissəsi Qubadlı, Laçın və Zəngilan rayonları da 1992-93-cü illərdə işğal olunub. Bu gün Zəngəzur torpaqlarında bir nəfər də olsun, azərbaycanlı yaşamır".

Bütün xəbərlər Facebook səhifəmizdə