ARGTMŞ prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanat qəbul edib

ARGTMŞ prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanat qəbul edib

Bu gün Bakıda Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının illik hesabat konfransı keçirilib. SİA-nın veriyi xəbərə görə, tədbirdə hökumət və dövlət rəsmiləri, yerli və beynəlxalq təşkilatların nümayəndələri ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının nümayəndələri iştirak edib.

Hesabat məruzəsi ilə çıxış edən ARGTMŞ-nın sədri Şahin Seyidzadə şuranın bir il ərzində gördüyü işlərdən danışıb: "104 gənclər təşkilatını birləşdirən ARGTMŞ Avropa Şurasının Gənclər üzrə Məşvərət Şurasının üzvü seçilib. Belçikanın paytaxtı Brüssel şəhərində, 40 ölkənin Milli Şurası və 59 beynəlxalq təşkilatın iştirakı ilə həyata keçirilən Avropa Gənclər Forumunun növbəti iclasında Avropa Şurasının Gənclər üzrə Məşvərət Şurasının (Advisory Council on Youth of Council of Europe) üzvü seçilib. İclas zamanı Avropa Şurasının Gənclər üzrə Məşvərət Şurasının üzvlüyünə Şərqi Avropa və Qafqaz ölkələri (Azərbaycan, Gürcüstan, Ermənistan) tərəfindən irəli sürülən namizəd kimi, ARGTMŞ-nın platformasının təqdimatı keçirilib, həmçinin Azərbaycanda həyata keçirilən gənclər siyasəti, gənclərə göstərilən qayğı haqqında ətraflı məlumat verilib. Daha sonra səsvermə hüququna malik 34 ölkənin Milli Şurası və 39 beynəlxalq təşkilatın iştirakı ilə qapalı səsvermə keçirilib. Səsvermə nəticəsində 26 Milli Şura və 25 beynəlxalq təşkilatın səsi ilə ARGTMŞ Avropa Şurasının Gənclər üzrə Məşvərət Şurasının üzvlüyünə seçilib.

Konfransda gənclər qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanat qəbul edilib.

Bəyanatda Azərbaycan gənclərinin tam əksəriyyətinin Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdən məmnun olduğu, bu məmnunluğun səbəbi kimi həyata keçirilən siyasətin ümummilli lider Heydər Əliyevin siyasi kurusunun davam olması, Azərbaycana sabitlik və davamlı inkişaf bəxş etməsi, Azərbaycanın dünyada və regionda söz sahibinə çevrilməsinə gətirib çıxarması, Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəltməsi, Azərbaycan gəncliyinin və ölkəmizin uğurlu gələcəyinin təmin etməsi göstərilir.

Bunu nəzərə alaraq ARGTMŞ-a üzv olan 100 minlərlə gənci təmsil edən 100-dən artıq gənclər təşkilatı Azərbaycan istiqlaliyyətinin, dövlətçiliyinin gücləndirilməsi, vətənimizin daha da çiçəklənməsi naminə üzərinə düşən tarixi və vətəndaş məsuliyyətini dərk edərək, ölkəmizdə 2013-cü ildə keçiriləcək prezident seçkilərində yüksək qürur hissi ilə Prezident İlham Əliyevi gənclərin namizədi olaraq, qələbəyə layiq ən real və uğurlu namizəd kimi bəyan edir.

Bütün xəbərlər Facebook səhifəmizdə