Elman Nəsirli: “Ermənistan tərəfi hər vəchlə çalışır ki, öz versiyasına nail olsun” AÇIQLAMA

Elman Nəsirli: “Ermənistan tərəfi hər vəchlə çalışır ki, öz versiyasına nail olsun” AÇIQLAMA

"ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfəri də əvvəlki səfərlər kimi eynilik təşkil edir. Amma buna baxmayaraq, burada fərqli məqamlar da mövcuddur". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirli ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfərinə və onların keçirdikləri görüşə münasibət bildirərkən söyləyib.

Politoloq Elman Nəsirlinin sözlərinə görə, ATƏT-in Minsk qrupu həmsədrlərinin əvvəllər regiona səfəri daha çox olurdu və bu səfərlərin də məntiqi nəticəsi kimi prezidentlər səviyyəsində görüşlər keçirilirdi: "Hətta bununla bağlı 2009-cu ildə altı görüş reallaşıb. Amma indi vəziyyət o yerə gəlib çatıb ki, nəinki prezidentlər səviyyəsində, heç xarici işlər nazirləri səviyyəsində də görüşlər keçirilmir. Bu səfər Edvard Nalbandyanın Parisdə fransalı həmkarı ilə danışıqlarda Ermənistanın altı prinsipə hazır olması ilə bağlı məlum bəyanatı fonunda həyata keçirilirdi. Həm də əsas məqsəd prezidentlər, eləcə də xarici işlər nazirləri səviyyəsində görüşün təşkil edilməsi idi. Hesab edirəm ki, ATƏT həmsədrləri bu niyyətlə regiona səfər ediblər".

E.Nəsirlinin sözlərinə görə, bu səfərlərdə başlıca olaraq yenilənmiş Madrid prinsipləri əsas rol oynayır: "Hətta Ermənistan dövlətində də belə məlumatlar vardır ki, burada əsas iki Madrid prinsipi mövcuddur. Birincisi, ATƏT həmsədrlərinin 2009-cu ilin dekabr ayında Afinada irəli sürdükləri yenilənmiş Madrid prinsipləri, digəri isə Rusiyanın müəyyən etdiyi prinsiplərdir. Burada Azərbaycanın mövqeyi klassik Madrid prinsiplərinə (2009-cu ilin dekabr ayında Afinada irəli sürülən yenilənmiş Madrid prinsiplərinə) söykənir. Ermənistan xarici işlər nazirinin altı prinsiplə bağlı mövqeyində başlıca olaraq, ərazi bütövlüyü prinsipinin sonrakı mərhələyə saxlanılması, Dağlıq Qarabağın statusu ilə bağlı məsələlərin ön plana keçirilməsi və s. məsələlərdir. Burada Ermənistan tərəfi hər vəchlə çalışır ki, öz versiyasına nail olsun və bununla da danışıqlar prosesini ləngitsin".

Bütün xəbərlər Facebook səhifəmizdə