"Azadlıq" radiosunun Naxçıvan Muxtar Respublikasındakı əməkdaşı Yafəz Əkrəmoğlu Nehrəmdə iki nəfəri aldadaraq, onlara ev, maşın, xarici ölkələrdə gözəl yaşayış vədləri verməklə mətbuat konfransı keçirərək, onları sosial problemlərinin mövcudluğu yönündə fikirlər səsləndirməyə məcbur edib. "Azadlıq" radiosu istədiyini aldıqdan sonra verdiyi vədi yerinə yetirməkdən imtina edib. Aldadıldıqlarını başa düşən nehrəmlilər əsil reallığı danışmaq məcburiyyətində qalıb. Hətta çəkilişlər apararaq, bunu youtube internet səhifəsində yerləşdiriblər.
Bu məsələyə münasibət bildirən müsahiblərimiz "Azadlıq" radiosunun bəzən sosial məsələlərdən narazı qalan insanlara şirnikləndirici vədlər verməklə onları dövlət əleyhinə böhtanlar səsləndirməyə təhrik edirlər. Bu jurnalist peşə davranışı qaydalarının tələblərinə nə dərəcədə uyğundur" - sualımıza belə cavab verdilər.
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru,
Hikmət Babaoğlu:
- "Azadlıq" radiosunun Naxçıvan Muxtar Respublikasında fəaliyyəti bir mətbuat orqanı kimi ölkəmizdə olan KİV haqqında qanunla uzlaşmır, mətbuat etikasına sığmır, mövcud fəaliyyət prinsiplərinə uyğun deyil. Çünki biz bilirik ki, mətbuatın başlıca vəzifəsi insanları tərəfsiz, obyektiv informasiya ilə təmin etməkdir. Lakin "Azadlıq" radiosunun fəaliyyətində biz hər zaman şahidi oluruq ki, onlar bunun tam əksini edirlər. Hər zaman jurnalist peşəsinə uyğun olmayan fəaliyyət göstərirlər. Hər zaman qeyri-obyektiv fikirlər səsləndirir və yalançı informasiyalar yayırlar. Onlar hər zaman çalışırlar ki, ölkədə ictimai rəyə mənfi təsir göstərsinlər. Heç bir halda mətbuat insanları aldadaraq, bu cür çirkin oyunlardan istifadə etməməlidirlər. Hansısa insanları nəyəsə şirnikləndirməklə, onların hissləri ilə oynamaqla bu insanları dövlətə və dövlətçiliyə qarşı qoymaq olmaz. Azərbaycan dövləti onsuz da hər zaman insanların və vətəndaşların sosial problemlərini həll edir. İstər "Azadlıq" radiosunun əməkdaşları, istərsə də digər jurnalistlər heç vaxt hansısa insanın sosial vəziyətindən istifadə edərək, onları iyrənc oyunlarına alət etməməlidirlər.
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru,
Elçin Mirzəbəyli:
- "Azadlıq" radiosu əməkdaşının Nehrəm vətəndaşlarını nəyəsə təhrik etməsi, onları şirnikləndirməsi jurnalist peşəsinə ziddir və bu hərəkət heç bir fəaliyyət sahəsinə sığmadığı kimi, insanlığa da yaraşmır. Həm də qeyd etməliyəm ki, onsuz da hər kəsə bəllidir ki, "Azadlıq" radiosunda çalışan insanlar konkret siyasi məqsədə və konkret siyasi sifarişlərə xidmət edirlər. Bu hərəkət həmin jurnalistin və həmin radionun, həqiqətən də, hər zaman olduğu kimi, bu gün də çirkin niyyətlərə qulluq etməsindən xəbər verir.
"Bakı Xəbər" qəzetinin baş redaktoru,
Aydın Quliyev:
- Hər hansı bir jurnalist öz məqsədinə, öz mənafeinə xidmət edərək, peşəsindən bu cür çirkin niyyətlər üçün istifadə edirsə, şirnikləndirici sözlərə və ya şantaja əl atırsa və digər yollarla öz müsahibindən fikir qopardırsa, bu nəinki jurnalist peşəsinə ziddir, hətta cinayət əməli sayılmalıdır. Bu, çox ciddi hadisədir və çox ciddi şəkildə də araşdırılmalıdır. Bu hadisəyə lazımı hüquqi qiymət verilməlidir. Son dərəcə çirkin bir əməldir. Görülən bu iş onsuz da nüfuzu olmayan radionun nüfuzuna daha bir güclü zərbə vurub.
"Kaspi" qəzetinin baş redaktoru,
Natiq Məmmədli:
- "Azadlıq radiosu"nun müxbirinin belə bir addım atması, təbii ki, jurnalist peşəsinə uyğun addım deyil və qəti şəkildə pislənməlidir. Doğrusu, bu barədə eşidəndə, o qədər də təəccüblənmədim. Çünki bu radionun dələduz əməlləri hər zaman olub və bu da növbəti çirkin bir işdir. Bu radio Azərbaycanı, xalqımızı sevməyən xarici dairələr tərəfindən maliyyələşdirilir. Onların nökərlərinə çevrilmiş bu radionun əməkdaşlarından bundan başqa bir hərəkət gözləmək də olmazdı. Bu radio Azərbaycanın milli maraqlarına zidd addımlar atır və bu çirkin oyunlardan əl çəkmir. Onların bu vaxta qədər gördüyü bütün işlər ölkəmizin milli-maraqlarına zərbə vurmaq naminə olub. Bu radionun müxbirinin vətəndaşları aldadıb, insanları şirnikləndirməklə hansısa müsahibəyə təhrik etməsi, onun və təmsil etdiyi radionun şərəfsizliyindən xəbər verir.
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB