Rumıniyanın Konstansa şəhərində Azərbaycan Respublikasının fəxri konsulluğu fəaliyyətə başlayıb.
Bununla bağlı fəxri konsulluğun inzibati ofisinin rəsmi açılış mərasimində bu ölkə parlamentinin deputatları, senatorları, dövlət və hökumət nümayəndələri, Konstansadakı universitetlərin rektorları, ictimai təşkilatların və fondların üzvləri, tanınmış tarixçilər, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, KİV-lərin nümayəndələri, bu şəhərdəki diplomatik korpusun təmsilçiləri, Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyinin, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri və idarə heyətinin üzvləri, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının və Rumıniya-Azərbaycan İkitərəfli Sənaye və Ticarət Palatasının üzvləri, burada yaşayan və təhsil alan azərbaycanlılar, diasporumuzun, türk-tatar icmalarının nümayəndələri iştirak ediblər.
Tədbiri açan səfir Eldar Həsənov ölkələrimiz arasındakı əlaqələrin bütün sahələrdə sürətlə inkişaf edərək tarixi dostluq və əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəldiyini vurğulayıb. O, siyasi, iqtisadi, humanitar sahədə olduğu kimi, xalqlarımızın mədəni sahədə də əməkdaşlığının mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Diplomat deyib ki, Buxarestdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Bakının mərkəzi parklarının birində isə Rumıniyanın görkəmli alimi, musiqiçi Corc Eneskunun abidələri ucaldılıb. Həmçinin klassik Azərbaycan ədəbiyyatının, eyni zamanda, müasir dövrün şair və yazıçılarının əsərləri rumın dilinə, rumın ədəbiyyatının əvəzsiz nümunələri isə doğma dilimizə tərcümə olunub.
E.Həsənov ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyəyə çatmasında Rumıniyada inqilabdan, Azərbaycanda isə müstəqilliyin bərpasından sonra dövlətlərimizin başçıları İon İliyesku, Emil Konstantinesku, Trayan Besesku, Heydər Əliyev və Prezident İlham Əliyev arasındakı səmimi, dost və mehriban şəxsi münasibətlərin müstəsna rolu olduğunu, bu münasibətlərin bu gün də uğurla davam etdiyini diqqətə çatdırıb.
Səfir Konstansa şəhərindəki fəxri konsul Qabriel Valentin Komaneskunun Azərbaycan-Rumıniya münasibətlərinin bütün sahələrdə daha da genişləndirilməsi istiqamətindəki xidmətlərini vurğulayıb. O, fəxri konsulluğumuzun fəaliyyətə başlamasının iki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinə yeni təkan verəcəyini bildirib.
Çıxışının sonunda E.Həsənov Rumıniyada 12 illik diplomatik fəaliyyətinin başa çatdığını, bu dövrdə səfirliyimizin Konstansada yaşayan türk-tatar birliyi, habelə bu şəhərdəki dövlət və ictimai təşkilatlarla səmərəli əməkdaşlıq etdiyini, bu əlaqələrin inkişafının davamlı olacağına əminliyini vurğulayıb.
Rumıniya Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fota, bu ölkə Rumıniya-Azərbaycan dostluq qrupunun sədr müavini Kristian Rizea, Rumıniya hökumətinin Konstansa şəhəri üzrə nümayəndəsi (prefekt) Eugen Bola, Rumıniya müsəlmanlarının dini lideri Yusuf Murat Azərbaycanın Rumıniya üçün strateji əhəmiyyətini vurğulayıblar. Çıxış edənlər Konstansada Azərbaycanın fəxri konsulluğunun təsis edilməsini əlamətdar hadisə kimi qiymətləndirmiş və onun ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verəcəyinə əminliklərini bildiriblər.
Fəxri konsul Qabriel Valentin Komanesku Azərbaycan Prezidenti İlham Əliyevin bu qərarını minnətdarlıqla qarşılayaraq məmnunluq hissi duyduğunu, ölkələrimiz arasında bütün sahələrdə geniş əməkdaşlığın mövcud olduğunu vurğulayıb. O, Azərbaycanın son zamanlar regionda, habelə Avropada nüfuzunun artdığını, Avratlantik institutlara fəal inteqrasiya etdiyini, ölkə daxilində və beynəlxalq müstəvidə bir çox uğurlara imza atdığını bildirib. Fəxri konsul gələcək fəaliyyətində ölkəmizi fəal təmsil edəcəyini, qarşılıqlı maraqlara əsaslanan əlaqələrimizin inkişafı, Azərbaycan diasporunun möhkəmlənməsi və onun maraqlarının təmin olunması istiqamətində səy göstərəcəyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB