Bu gün İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Litva Biznes Forumu keçirilib. SİA-nın məlumatına görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, təhsil, tikinti, maliyyə, İKT, bərpa olunan enerji, ətraf mühitin mühafizəsi, suyun təmizlənməsi, avtomobil daşımaları, logistika, avtomobil hissələrinin satışı və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edib.
Qonaqları salamlayan İqtisadi İnkişaf naziri Şahin Mustafayev Litva respublikasının baş naziri Algirdas Butkeviçiusun Bakıda keçirilən Dünya İqtisadi forumunda iştirakını yüksək qiymətləndirib. Azərbaycan Avropa Birliyi ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini bildirən nazir Ş.Mustafayev Azərbaycanla Litva arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və hörmət prinsipləri üzərində qurulduğunu, dövlət başçılarının qarşılıqlı səfərlərinin, aparılan danışıqların ikitərəfli əlaqələrin inkişafında mühüm əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan və Litva arasında iqtisadi sahədə əməkdaşlığın inkişafında ötən ilin aprel ayında Bakıda 2-ci iclası keçirilmiş Hökumətlərarası Komissiyanın fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir.
Nazir Ş.Mustafayev Azərbaycan və Litva arasında tikinti, kənd təsərrüfatı, İKT, bərpa olunan enerji, turizm və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu üçün böyük imkanların olduğunu diqqətə çatdırıb, iki ölkə arasında indiyənədək biznes forumlar, sərgi və işgüzar görüşlərin keçirildiyini qeyd edib.
Litva respublikasının baş naziri Algirdas Butkeviçiusun ölkəmizə səfərindən məmnunluğunu ifadə edib, Azərbaycanın Avropa nerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rolunu qeyd edib. A.Butkeviçiusun Litva iqtisadiyyatı barədə məlumat verib, hər iki ölkənin iqtisadi potensialından səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişlənməsinin Litva-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini diqqətə çatdırıb, iqtisadi əməkdaşlığın inkişafı istiqamətlərini vurğulayıb, əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirib.
Daha sonra AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya mühitinə, Litvanın Xarici İşlər Nazirliyinin xarici iqitsadi əlaqələr şöbəsinin müdir müavini Reqimantas Yablonskis ölkəsinin iqitsadi imkanlarına dair təqdimatlarla çıxış ediblər.
Bununla yanaşı, Biznes Forumda hər iki ölkənin iş adamları arasında ikitərəfli görüşlər olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB