Millət vəkili, Azərbaycan-Türkiyə parlamertlərarası dostluq qrupunun üzvü Qənirə Paşayeva Azərbaycanda səfərdə olan Manisa valisi Halil İbrahim Daşöz və AK Parti Manisa millət vəkili Hüseyn Tanrıverdinin rəhbərlik etdiyi Manisadan gəlmiş nümayəndə heyətinin üzvləri ilə görüşüb. SİA-nın məlumatına görə, Manisa valisini və Manisa millət vəkilləri, iş adamları, qeyri-hökumət təşkilatları, mətbuat və media təmsilçilərindən ibarət 20 nəfərlik nümayəndə heyətini Azərbaycanda görməkdən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə yüksək səviyyədə əlaqələrin olduğunu bildirdi. Azərbaycanın daim qardaş Türkiyənin yanında olduğunu deyən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edib. Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri, bələdiyyələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib.
Millət vəkili Qənirə Paşayeva Manisa valisi Halil İbrahim Daşözə və Manisa millət vəkillərinə Azərbaycan ilə Türkiyənin bir çox şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Manisanı Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirdi.
Azərbaycanı çox sevdiyini deyən Manisa valisi Halil İbrahim Daşöz, Manisa millət vəkilləri və nümayəndə heyətinin üzvləri Azərbaycanda olmaqdan böyük məmnuniyyət duyduqlarını dedilər. Manisa valisi Halil İbrahim Daşöz, Manisa millət vəkilləri və nümayəndə heyətinin üzvləri Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu və qardaşlıq bağlarının çox güclü olduğunu vurğulayaraq, iki qardaş ölkənin şəhərləri, bölgələri arasında əlaqələrin daha da genişləndirilməsinin önəmli olduğunu və bu istiqamətdə öz səylərini daha da artıracaqlarını dedilər.
Qardaş Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini deyən AK Parti Manisa millət vəkili Hüseyn Tanrıverdi və TBMM-nin digər üzvləri iki qardaş ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafının vacibliyini xüsusi vurğuladılar.
AK Parti Manisa millət vəkili Hüseyn Tanrıverdi və görüşdə iştirak edən TBMM-nin digər üzvləri Türkiyə dövlətinin bu günə qədər olduğu kimi bundan sonra da daima qardaş Azərbaycanın yanında olacağını və Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın haqlı mövqeyini bundan sonra da bütün platformalarda geniş şəkildə dəstəkləyəcəklərini deyib. Millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət barədə məlumat verib.
"Türkiyə nə qədər güclənərsə, Azərbaycan da o qədər güclənib deməkdir. Azərbaycan nə qədər güclənərsə, bu Türkiyənin gücü deməkdir", deyən Qənirə Paşayeva Azərbaycanın da daim qardaş Türkiyənin yanında olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB