Aprelin 4-də Yeni Azərbaycan Partiyasının Sədr müavini - icra katibi Əli Əhmədov partiyanın Ağsu rayon təşkilatının fəalları ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov siyasi qurum kimi YAP-ın rayonun ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatındakı fəal rolundan danışıb və bildirib ki, rayon təşkilatının 4703 nəfər üzvü 90 ərazi ilk təşkilatında birləşib və fəaliyyət göstərir. Partiya üzvlərinin 1272 nəfərini gənclər, 1770 nəfərini isə qadınlar təşkil edir.
YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov isə çıxışında bu ilin payızında ölkəmizdə keçiriləcək prezident seçkilərində partiya üzvlərinin üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edib: "Məhz İlham Əliyevin Prezident kimi 10 illik fəaliyyəti dövründə Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında özünə layiqli yer tuta bilib. Bu dövrdə bütün sahələrdə dinamik inkişaf təmin edilib, əhalinin həyat səviyyəsi xeyli yaxşılaşıb. Növbəti 5 ildə də İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müsbət dəyişiliklər baş verəcək".
Tədbirdə YAP icra katibi gənclərimizin təhsil alması, işləməsi, istirahət etməsi, onların layiqli vətəndaş kimi yetişməsi üçün hökumət səviyyəsində lazım olan bütün imkan və şəraitin yaradıldığını qeyd edib.
Görüşün sonunda Əli Əhmədov iştirakçıları maraqlandıran suallara cavab verib.
Görüşdə YAP fəallarından Təklə kənd orta məktəbinin müəllimi Əmrulla Kərimov, Bico kənd orta məktəbinin direktoru Yaşar Qarayev, Ağsu rayon Veteranlar Şurasının sədri Camaləddin Zeynalov və başqaları çıxış edərək Ağsu rayon sakinlərinin 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində İlham Əliyevdən başqa namizədlərinin olmadığını və yalnız ona səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, görüşdə Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Milli Məclisin deputatlarından Eldar İbrahimov və Ərəstun Cavadov iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB