Əli Əhmədov kanadalı qonaqlarla görüş keçirib YENİLƏNİB

Əli Əhmədov kanadalı qonaqlarla görüş keçirib YENİLƏNİB

Yeni Azərbaycan Partiyasının dəvəti ilə Kanadanın Mühafizəkarlar partiyasının nümayəndə heyəti 2013-cü il aprelin 2-də Azərbaycanda rəsmi səfərə gəlib. SİA-nın məlumatına görə, səfər çərçivəsində qonaqlar bu gün YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədovla görüşüb, qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparıblar. Görüşdə Kanada parlamentinin İcmalar Palatasının üzvü Vladislav Lizon, senatorlar Yona Martin və Salma Atullahcan, həmçinin YAP icra katibinin müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzov iştirak ediblər.

YAP-ın Sədr müavini Əli Əhmədov bildirib ki, qarşılıqlı səfərlərin təşkili partiyalar arasında münasibətlərin güclənməsinə əlverişli zəmin yaradacaq: "YAP-ın Kanadanın Mühafizəkarlar Partiyası ilə münasibətləri neçə illərdir ki qurulub və inkişaf etdirilir. Azərbaycan Kanada ilə müxtəlif sahələrdə sıx əməkdaşlıq qurmaqda maraqlıdır. Bu sizin Azərbaycana ilk səfəriniz deyil. Amma bu tərkibdə nümayəndə heyəti ilə birinci dəfədir ki, səfər edirsiniz. Güman edirəm ki, sizin bu səfəriniz maraqlı və faydalı olacaq. Geniş fikir mübadiləsi aparacağıq. Söhbətlərimiz partiyalarımız, parlamentlərimiz, ölkələrimiz arasında münasibətlərin inkişaf etməsinə təkan verəcək. Bu səfər çərçivəsində siz Azərbaycanı daha yaxından tanıyacaqsınız. Ölkəmizin mədəniyyəti ilə, azərbyacanlıların məişəti ilə daha yaxından tanış olacaqsınız. Eyni zamanda bu görüşlərimiz ölkələrimiz arasındakı əlaqələrin genişləndirilməsinə böyük köməklik göstərəcək. İndiyə kimi partiyalarımız arasında əməkdaşlıq mövcud olub. Bir il bundan öncə partiyamızın nümayəndəsi Mübariz Qurbanlı Kanadada olub. Bu görüşlərdə də ikitərəfli əməkdaşlıqla bağlı danışıqlar aparılıb. Siz bu dəfəki səfəriniz zamanı Bakıda çoxlu dostlar qazanacaqsınız".

Daha sonra Kanada parlamentinin İcmalar Palatası spikerinin müavini Barri Devolin deyib ki, səfər çərçivəsində nümayəndə heyəti bir sıra görüşlər keçirərək ikitərəfli əlaqələri müzakirə edir. Xarici qonaq Devolin Azərbaycanın sürətli inkişaf etdiyini də vurğulayıb.

Nümayəndə heyəti həmçinin bir sıra nazirliklərdə və Dövlət Komitələrində, o cümlədən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində görüşlər keçirəcək. Bundan əlavə, Kanadanın Mühafizəkarlar partiyasının nümayəndələri YAP Xətai rayon təşkilatında iş proseduru ilə tanış olacaq, partiya fəalları ilə görüşəcəklər.

Səfər çərçivəsində Kanada Mühafizəkarlar Partiyası nümayəndə heyəti Azərbaycanın görməli yerlərinə gəzintilər həyata keçirəcək, mədəniyyət və incəsənəti ilə yaxından tanış olacaqlar.

Qeyd edək ki, səfər aprel ayının 7-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə