Vahid Əhmədov: “Müstəqilliyimizə ciddi ziyan vura bilərik” MÖVQE

Vahid Əhmədov: “Müstəqilliyimizə ciddi ziyan vura bilərik” MÖVQE

"Bu kimi aksiyalarda çalışmaq lazımdır ki, hər şey qanun çərçivəsində həll olunsun". Bunu SİA-ya millət vəkili Vahid Əhmədov müxalifətin ötən gün "Əsgər ölümlərinə son!" şüarı altında planlaşdırdığı qanunsuz aksiyaya münasibət bildirərkən deyib.

Parlament üzvünün sözlərinə görə, Bakı şəhərində aksiyalarla əlaqədar müəyyən yerlər ayrılıb ki, müxalifət nümayəndələri də məhz bu kimi yerlərdə öz aksiyalarını təşkil edə bilərlər: "Azərbaycan demokratik cəmiyyətdir və söz azadlığı da ən ümdə gedən məsələlərdən biridir. Məlumdur ki, bu il ölkədə prezident seçkiləri keçiriləcək və bütün dünyanın həmin seçkilərə marağı çox yüksək səviyyədədir. Məhz buna görə də hesab edirəm ki, bu kimi proseslər gözləniləndir. Amma hər kəs qanunlara riayət etməlidir. Əgər biz qanunlara məhəl qoymasaq, Azərbaycanın müstəqilliyinə çox ciddi ziyan vura bilərik".

V.Əhmədov bununla belə Ermənistanda prezident seçkilərindən sonrakı gərginliyə də aydınlıq gətirib: "Hesab edirəm ki, artıq Serj Sarkisyan prezident seçilib. Əgər bu insanı böyük dövlətlər Amerika (ABŞ), Rusiya, Türkiyə və digər ölkələr təbrik ediblərsə, deməli bu proses öz həllini tapıb. Əgər Raffi Hovanisyan bu seçki prosesinin nəticələri ilə razılaşmırsa bu onun öz seçimidir".

Bütün xəbərlər Facebook səhifəmizdə