Polşada səfərdə olmuş nümayəndə heyətinin üzvləri mətbuat konfransı keçiriblər. SİA-nın verdiyi xəbərə görə, yanvar ayının 30-dan fevralın 2-dək Polşada səfərdə olmuş nümayəndə heyətinin üzvləri mətbuat konfransı keçiriblər. Mətbuat konfransında nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov, Təhsil naziri Misir Mərdanov, sənaye və energetika naziri, Azərbaycan-Polşa hökumətlərarası komissiyasının sədri Natiq Əliyev , millət vəkilləri Fazil Mustafa, Gülçöhrə Məmmədova, Səməd Seyidov, Qüdrət Həsənquliyev və Fərəc Quliyev, səfərlə bağlı təəssüratlarını açıqlayıblar. Tədbirdə Polşanın Azərbaycandakı səfiri Mixail Labenda da iştirak edib.
Səfər barədə məlumat verən nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanov səfərin məhsuldar keçdiyini, səfər çərçivəsində 9 rəsmi görüş keçirildiyini, 10 saziş imzalandığını bildirib. Nümayəndə heyəti Polşanın bir sıra ali təhsil müəssisələrində olub: "Bu səfərin təşkilində Azərbaycanın Polşadakı səfirliyi mühüm rol oynayıb. Səfər çərçivəsində 3 mühüm iş görülülüb. Birincisi Polşa ilə Azərbaycan arasında 540 illik əlaqələrə yeni ruh verdik. Ən başlıcası isə ölkələr arasındakı dostluq, əməkdaşlıq körpüsünü bir daha möhkəmləndirdik. Hesab edirəm ki, imzaladığımız hər bir müqavilə kağız üzərində qalmayacaq, praktik olaraq həyata keçiriləcək. Səfərdən qayıtdıqdan sonra işlərimiz daha da artıb. Belə ki, imzalanmış sənədlərin icrasına başlamışıq".
Təhsil naziri Misir Mərdanov bildirib ki, Polşa Avropa Birliyinin üzvü olan ən böyük ölkələrdən biridir. Səfər çərçivəsində Polşa elm və təhsil naziri ilə görüşdüyünü deyən M. Mərdanov iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın müzakirə olunduğunu diqqətə çatdırıb: "Polşa tərəfi beynəlxalq tədbirlərdə, təşkilatlarda Azərbaycanın mövqeyini həmişə müdafiə edir".
BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, səfər çərçivəsində BDU ilə Polşanın 4 universiteti arasında memorandum imzalanıb.
Mətbuat konfransında iştirak edən Polşanın Azərbaycandakı səfiri Mixail Labenda bildirib ki, bu səfər hər iki ölkə üçün uğurlu olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB