Müxalifətdən prezidentə tutarlı cavab

Əsəd getmədən dialoq mümkün deyil
Müxalifətdən prezidentə tutarlı cavab

Suriya Milli Şurasının sədri və Suriya Müxalif və İnqilabçı Qüvvələr Milli Koalisiyasının sədr müavini Corc Sabra Bəşər Əsədin dialoq çağırışını rədd edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Sabra bildirib ki, Əsəd istefa etmədiyi müddətcə Suriya müxalifəti böhranın həlli üçün irəli sürülən heç bir təşəbbüsü qəbul etməyəcək. Müxalifət təmsilçisi Əsədin dünənki çıxışında səsləndirdiyi fikirlərdə yenilik olmadığını deyib: "Bunlar Suriya xalqının eşitməyə adət etdiyi, çoxdan bəri təkrarlanan əzbərlərdən ibarətdir. Əsəd bu təkliflə Suriya xalqına qarşı müharibəni davam etdirəcəyinin mesajını verir. Problemin mənbəyi şəxsən özüdür. O çəkilmədiyi müddətcə hər hansı həlldən söhbət gedə bilməz. Bir tərəfdə 100 minə yaxın günahsız insanın qanı axarkən Əsəd hansı dialoqdan və kiminlə dialoqdan danışır? Əsəd çəkilmədikcə dialoq qapısının açılması mümkün deyil".

Suriya Müxalif və İnqilabçı Qüvvələr Koalisiyasının sözçüsü Vəlid Əl Bənna isə Əsədin ona üsyan etməyənlərlə və qanadının altında oturanlarla dialoq qurmaq istədiyini söyləyib. Əsədin çıxışında heç bir konkret planın olmadığını və onun Suriya xalqının qələbəsini görməzliyə vurduğunu qeyd edən Əl Bənna "Əl Ərəbiyyə" kanalına açıqlamasında "Bütün diktatotların son ana qədər xalqların zəfərini görməzliyə vurduğuna şahid olduq"- deyib. Əl Bənna ölkə daxilində və xaricdə heç bir müxalif qrupun bu planı qəbul etməyəcəyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə