"AŞPA-nın yanvar sessiyası çox maraqlı olacaq"

"AŞPA-nın yanvar sessiyası çox maraqlı olacaq"

"Avropa Şurası Parlament Assambleyasının yanvar sessiyası maraqlı olacaq. Assambleyanın yanvar sessiyasında Azərbaycanın öhdəlikləri təsdiq olunub". SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

Onun sözlərinə görə, məruzə artıq üzv olan dövlətlərə, o cümlədən Azərbaycana məlumdur. Bu məruzə ətrafında çox ciddi müzakirələr aparılacağını deyən S.Seyidov vurğulayıb ki, ilk dəfə Monitorinq Komitəsinin iclasında Dağlıq Qarabağla bağlı geniş və ətraflı bir hissə olacaq: "Dağlıq Qarabağla bağlı məruzədə göstərilənlər bizim üçün vacib və əsasdır. Qətnamənin 3-cü bəndində qeyd olunub ki, Azərbaycana qarşı hərbi işğal həyata keçirilib. Avropa Şurasında Dağlıq Qarabağla bağlı məsələnin gündəliyə gətirilməsi çox vacibdir. Bu sənəd Azərbaycan tərəfindən deyil, Avropa məruzəçiləri tərəfindən hazırlanaraq təqdim olunub. Bu isə onun qiymətini ikiqat artırır. Təbii ki, ermənilər bu məruzəyə maneə törədəcəklər. Bu gözlənilən haldır. Hətta bu məruzənin qeyri-obyektiv hesab olunması üçün müəyyən cəhdlər edəcəklər. Çünki onların işğalçılıq siyasəti, cinayətkarlığı bu məruzədə əks olunub. Bu da məruzənin qiymətini xeyli artırır".

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə