Vüqar Rəhimzadə: "Azərbaycan artıq dünyanın diqqət mərkəzindədir"
Dekabrın 8-də Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərarın qəbul edilməsi və prezident İlham Əliyevin bununla əlaqədar Azərbaycan xalqını təbrik etməsi qürurverici bir addım kimi dəyərləndirilməlidir. Bunu SİA-ya YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzəetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Baş redaktorun sözlərinə görə, Azərbaycanda bütün insanlar, vətəndaşlar ölkəmizlə bağlı belə bir addımı alqışlayır və onu dəstəkləyir: "Bu çox böyük tarixi hadisədir. Burada söhbət tək idmandan deyil, siyasətdən, eləcə də bütün sahələrdə ölkəmizin əldə etdiyi uğurlardan gedir. Azərbaycan dövləti zaman-zaman, müstəqil bir dövlət kimi dünya ictimaiyyəti arasında öz nüfuzunu qoruyub saxlayıb. Məlum məsələdir ki, son dövrlər Azərbaycanda paytaxt Bakıda mötəbər beynəlxalq tədbirlər həyata keçirilməkdədir. Təbii ki, bütün bunlar da ümummilli lider Heydər Əliyevin uğurlu siyasətinin bariz nümunəsidir ki, məhz bunu cənab prezident İlham Əliyev uğurla davam etdirir. Bu il Azərbaycan tarixində çox böyük nailiyyətlərlə yadda qalan il olub. Buna misal olaraq Bakıda keçirilən beynəlxalq "Avroviziya" mahnı müsabiqəsini göstərə bilərik. Eləcə də dövlətimizin BMT TŞ-na qeyri-daimi üzv seçilməsi ölkə tarixinin ən yadda qalan hadisələrindən biri oldu. I Avropa Olimpiya Oyunlarının Bakıda keçiriləcəyi haqda qərar isə bu tarixi hadisələri daha da zənginləşdirir".
V.Rəhimzadə bildirib ki, Azərbaycan artıq dünyanın diqqət mərkəzindədir: "Bu münasibət, ünsiyyət zaman-zaman daha da genişlənəcək və güclənəcək. Biz müstəqilliyimizin ilk illərində dünyanın bir çox beynəlxalq təşkilatları (ATƏT, Avropa Şurası və s.) ilə əməkdaşlığa can atırdıq. Amma bu gün hər şey əksinədir. Belə ki, hazırda həmin təşkilatların özləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Təbii ki, bütün bunlar ölkəmizin qısa bir müddətdə əldə etdiyi uğurların məntiqi nəticəsidir. Hesab edirəm ki, uğurlarımızın sayı-hesabı ildən-ilə getdikcə artacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB