Xarici işlər nazirləri arasında görüş keçirilib

Xarici işlər nazirləri arasında görüş keçirilib

Brüsseldə səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (ISAF) töhfə verən dövlətlərin XİN başçılarının görüşündə iştirak edib. XİN-dən SİA-ya verilən məlumata görə, görüşdə əsas müzakirə olunan məsələlər sırasına ISAF əməliyyatının hazırkı durumu və 2014-cü ildən sonrakı dövrdə əfqan qüvvələrinin maliyyə təminatı daxil olub.

Tədbirdə E.Məmmədyarov Böyük Britaniyanın xarici işlər naziri Vilyam Heyq ilə görüşüb. Görüş zamanı iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq məsələləri müzakirə olunub. Həmçinin BMT Təhlükəsizlik Şurası çərçivəsində həyata keçirilən ikitərəfli əməkdaşlıqdan məmnunluq ifadə olunub və TŞ-nın gündəliyində duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

V.Heyq Azərbaycanla NATO arasında aparılan tərəfdaşlığı yüksək qiymətləndirib və Azərbaycanın NATO-nun Əfqanıstandakı əməliyyatına dəstəyinə görə təşəkkür edib.

Görüşdə həmçinin Azərbaycanla Avropa Birliyi arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə