"Oktyabrın 20-də bir qrup müxalifətçi gənc tərəfindən paytaxtın Fəvvarələr Meydanında planlaşdırılan aksiya qanunsuz olduğu üçün qarşısı alınacaq". Bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı SİA-ya açıqlamasında deyib.
M.Qurbanlı bildirib ki, qanun hamı üçündür və qanun qarşısında hər hansı şıltaqlığa yer yoxdur: "Hamı kimi müxalifət düşərgəsində olan şəxslər də qanuna əməl etməlidir. Kimsə aksiya keçirmək istəyirsə, o zaman Bakı şəhər İcra Hakimiyyətinin icazə verdiyi yerlərdə keçirsin. Əgər kimsə başqa yerlərdə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərəcəksə, o zaman hüquq-mühafizə orqanları bunun qarşısını qətiyyətlə alacaq".
İcra katibinin müavini xüsusi vurğulayıb ki, indi Azərbaycan elə vəziyyətdə deyil ki, kimlərsə qanunun tələblərini pozsun və xaos yaratsın, dövlət isə buna göz yumsun: "Əslində heç müxalifətin elə gücü də yoxdur ki, yüzlərlə insanı bir araya gətirib aksiya keçirsin. Onların iddia etdikləri kimi, xalq onlara dəstək verməyəcək. Aksiyaya yalnız onların ətrafında olan bir neçə nəfər adam qoşula bilər. Buna görə də düşünmürəm ki, bu aksiya nəsə effekt versin".
Xatırladaq ki, sabah bir qrup müxalifətçi gənc saat 15.00-da Fəvvarələr Meydanında etiraz aksiyası keçirməyi düşünür. Bu barədə AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı məlumat verib.
Həsən Həsənov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB