İctimai Palatanı müdafiə edənlər 5 nəfərdisə, 5 nəfər də qalacaq

Mübariz Qurbanlı: “İctimai palata mövcud olsa belə, növbəti seçkidə bu bizim üçün böyük rəqib ola bilməz”
İctimai Palatanı müdafiə edənlər 5 nəfərdisə, 5 nəfər də qalacaq

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının "Səs"TV-yə müsahibəsi:

- Mübariz müəllim, bildiyiniz kimi 2013-cü il Azərbaycan Respublikasının Dövlət büdcəsi layihəsində siyasi partiyalara ümumilikdə 2 milyon vəsaitin ayrılması nəzərdə tutulub. Bu ayrılan vəsait partiyaların inkişafına yetərlidirmi və onun bölgü sistemi necə aparılacaq?

- Azərbaycanda siyasi partiyalar haqqında qanun var. Həmin qanun Azərbaycanda sözü gedən bu partiyaların fəaliyyətini tənzimləyir. Ötən il biz siyasi partiyalar haqqında qanuna əlavə və dəyişikliklər etdik. Həmin əlavə və dəyişikliklər maliyyə mənbələrini və dövlət büdcəsindən maliyyələşmə qaydalarını müəyyən edib. Siyasi partiyalar haqqında qanununa müvafiq olaraq bu ilki büdcədən partiyalara ayrılacaq vəsait məhz həmin qanunda müəyyən edilən sxem əsasında bölünəcək. Büdcə müzakirələri zamanı təklif olunan layihədə bu və ya digər dəyişikliklər edilməsi də mümkündür. Büdcə müzakirələrində siyasi partiyalara ayrılan vəsaitin bir qədər də artırılması təklif olunacaq. Bizdə öz növbəmizdə bunu dəstəkləyirik. Ancaq hökümətin bu məsələdə mövqeyi və bununla bağlı irəli sürdüyü müddəalar xüsusi əhəmiyyət daşıyır. Siyasi partiyalar yalnız dövlət büdcəsindən maliyyələşmir həm də üzvlük aktlarından maliyyələşir. Yeni Azərbaycan Partiyasının (YAP) 600 minə qədər üzvü var. Bizim partiyanın üzvlük aktları YAP-ın rayon və şəhər təşkilatlarının, onun fəaliyyətlərinin təmin edilməsinə xeyli köməklik göstərir. Həmçinin dövlətdən ayrılacaq vəsait də partiyamızın inkişafına, onun maddi texniki bazasının möhkəmlənməsinə öz təsirini göstərir. Həmin bölgü qanunda öz əksini tapıb. Burada daha çox seçkilərdə qazanılan səslər əsas yer tutur. Belə ki, hansı siyasi partiya ki, 3 faizdən çox səs toplayıbsa onlar həmin vəsaiti ala biləcəklər. Bu parlamentdə yer alan deputatların sayına görə verilir. Eyni zamanda bu vəsait parlamentdə təmsil olunan müxalifət partiyalarına da veriləcək. Bu bölgü ədalətli bir bölgüdür. Biz Prezident respublikasıyıq. Biz dövlət quruluşumuza uyğun ölkələrdə bu sistemə dərindən bələd olaraq bu cür qanun qəbul etmişik. Hesab edirəm ki, siyasi partiyaların maliyyə mənbələrinin şəffaflığı və eyni zamanda maliyyənin ayrılması, ayrı-ayrı partiyaların təşkilatlanmasına, fəaliyyətinə, onların tədbirlərinin keyfiyyətinə çox müsbət təsir göstərəcək.

- Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) 20 illiyi qeyd olunacaq. Həmin geridə qoyduğumuz bu il ərzində partiya hansı uğurlara imza atıb ?

-YAP-ın yaranmasının 20 illiyi ilə əlaqədar partiyamızın idarə heyətinin qəbul etdiyi tədbirlər planı var. Həmin tədbirlər planına uyğun olaraq, YAP-ın rayon və şəhər təşkilatlarında tədbirlər keçirilməkdədir. Bunlar Kütləvi İnformasiya Vasitələrində (KİV) geniş şəkildə işıqlandırılmalıdır. Həmçinin bölgələr üzrə də bizim partiyanın tədbirləri keçirilir. Bunlarda mətbuat orqanlarında mütəmadi olaraq yayılmaqdadır. Partiyanın qəbul etdiyi tədbirlər planı müvafiq olaraq yerinə yetirilməkdədir. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədovunda birbaşa iştirakı ilə keçiriləcək tədbirlər vardır ki, bunlar da noyabr ayının birinci on günlüyündən sonra reallaşacaq. Burada YAP-ın 20 illiyinə həsr olunmuş kitabın nəşr olunması nəzərdə tutulub. Həmin kitab haqqında məlumatlar geniş şəkildə yayılacaq. Eyni zamanda partiya üzvləri də bu kitablarla tanış ola biləcəklər. YAP-ın ildönümü ilə bağlı bir sıra elmi və siyasi xarakterli tədbirlərin, konfransların keçirilməsi də nəzərdə tutulur. Noyabr ayının 21-22-də Bakı şəhərində Asiya ölkələrində Siyasi Partiyalarının Assambleyası keçiriləcək. Bura dəvət olunacaq eyni zamanda bizim partiyanın 20 illiyi ilə əlaqədar tədbirlərdə iştirak etmək imkanı qazanacaqlar. Bununla belə partiyanın veteranları ilə birgə tədbirlərin keçirilməsi, müəyyən suvinerlərin buraxılması, mətbuatda xüsusi buraxılışın olması və s. nəzərdə tutulur. Bir partiyanın yubileyi faktiki olaraq həmin partiyanın keçdiyi yola bir nəzərdir. Yubiley həm də keçmişdə əldə olunmuş uğurların əğz olunması ilə yanaşı yeni istiqamətlərin müəyyən edilməsidir. İldönümü eyni zamanda bir hesabatdır. Hesab edirəm ki, bu dövrdə 20 il ərzində partiyanın təşkilatlanması, ideoloji baxımdan formalaşması və təşəkkül tapması istiqamətində çox böyük işlər görülüb. Bu işlər ulu öndər Heydər Əliyevin adı ilə onun müəyyən etdiyi strategiya ilə həyata keçirilib. Ulu öndər Heydər Əliyevin YAP-ın qurucusudur və onun müəyyən etdiyi xətt bizim üçün əbədidir. Dahi şəxsiyyətin reallaşdırdığı prinsiplər partiyanın 6 prinsipi kimi müəyyən olunub və YAP-ın proqramında öz əksini tapıb. Onlarında əsasında azərbaycançılıq ideyası dayanıb. Bunlar partiyanın ideoloji bazasını təşkil edir. YAP-ın ilk təşkilatlarının sayı getdikcə artmaqdadır. Azərbaycan cəmiyyətinin bütün təbəqələri bizim partiyada təmsil olunub. YAP-ın coğrafiyası olduqca genişdir. Azərbaycanın elə kəndi, qəsəbəsi yoxdur ki, orada partiyanın tərəfdarları və ilk təşkilatları olmasın. Partiyanın intellektual, kadr bazası kifayət qədər yüksəkdir. YAP-ın gənclər təşkilatı, qadınlar təşkilatı mütəmadi olaraq çevik və fəal işlər görməkdədir. Partiyamızın gənclər təşkilatının Azərbaycan "Qəbələ-2013" adlı "facebook" sosial şəbəkəsində səhifəsi vardır. Bu səhifədə indi 100 mindən çox tərəfdaş müzakirələr aparmaqdadır. Adı çəkilən bu səhifə bu gün beynəlxalq miqyasa çıxan bir səhifə kimi hamı tərəfindən qəbul edilməkdədir. YAP müxtəlif siyasi iqtisadi xarakterli tədbirlərin müəllifidir. Biz partiyanın 20 illiyi ilə bağlı böyük bir yaşıllıq zolağının salınmasını da planlaşdırırıq. Həmçinin YAP-ın Gəncləri bu yaxınlarda partiyanın 20 illiyi ilə əlaqədar qanvermə kompaniyasında iştirak etdilər. Bütün bu tədbirlər silsiləvi xarakter daşıyır. Bu gün Azərbaycan ordusuna diqqət və qayğı dövlət tərəfindən yüksək səviyyədə həyata keçirilir. Bununla belə ordumuza mənəvi dəstək, əsgərlərimizlə görüşlər keçirmək və onlarla təmas qurmaq olduqca vacib məsələdir. Bu istiqamətdə də müxtəlif ictimai qurumlar, yaradıcı təşkilatlar böyük işlər görür. Azərbaycan respublikası Müdafiə Nazirliyinin bütün strukturları o cümlədən Mətbuat xidməti bizimlə sıx əməkdaşlıq edir. Əsgərlərimizin maddi və mənəvi dəstəyə ehtiyacı olan yerlərdə biz həmişə onlarla bir yerdə olmuşuq. Hər il bir neçə dəfə YAP nümayəndə heyəti əsgərlərimizlə görüşlər keçirir. YAP Gənclər birliyi, Qadınlar təşkilatı, İdarə heyətinin üzvləri hərbi hissədə olurlar. Eyni zamanda biz Müdafiə fonduna vəsait keçirilməsi kompaniyasında yaxından fəal iştirak edirik. YAP-ın 20 illiyi yalnız bizim bayramımız deyil, bu həm də Azərbaycanın bayramıdır. Bu Heydər Əliyev siyasətinin, Prezidentimiz İlham Əliyev siyasətinə dəstək verən və onu müdafiə edən hər bir şəxsin bayramıdır. Bu cür şəxslərin sayı isə milyonlarladır.

- "İctimai Palata"da son günlər istefa səsləri eşilməkdədir və bu artıq mütəmadi hal alıb. Bununla bağlı nə deyə bilərsiniz və həmin məsələləri necə xarakterizə etmək olar?

- Bizim apardığımız təhlil göstərir ki, onların da iddia etdiyi kimi cəmiyyətdə özlərinə yer tuta bilməyiblər. Onları İP-nı yaradarkən hay –küylü şəkildə müxalifətin müxtəlif qanadlarını özündə birləşdirən bir güc mərkəzi olduğunu iddia edirdilər. Ancaq həyat göstərdi ki, müxalifət həmişə olduğu kimi bu dəfədə yanılır və yalnışlığa yol verib. Müxalifətin zaman-zaman 1993-cü ildən bu yana ayrı-ayrı adlar altında birlikləri yaradılıb. Bu birliklər bir müddət fəaliyyət göstərib sonra isə iflasa uğrayıb. Bunun başlıca səbəbi odur ki, müxalifət bir şeydə yalnışlığa yol verir. Müxalifət bir məsələni dərk etməlidir ki, sosial dayağa, tərəfdarlara, cəmiyyətin dəstəyinə malik deyilsə, onun faydası olmayacaq. Yəni "toplananların yerini dəyişdikdə cəm dəyişmir". Siz adları dəyişməklə sosial sferada və eyni zamanda cəmiyyətdə gücünüzü artırmısınız. Sizi müdafiə edənlər 5 nəfərdisə, 5 nəfərdə qalacaq. Bunun adını nə qoyursan qoy. Bu reallıqdır. Bu gün müxalifət İctimai palatanı şişirdərək onu həm ölkənin daxilində, həm də ölkədən kənarda güc mərkəzi kimi göstərmək istəyir. Amma onlar buna müvəffəq ola bilmir. İP yarandığı vaxt onun içərisində müxtəlif ambissiyalı qruplar, sosial dayağını itirmiş, xalqdan ayrılmış yalnız dedi-qodu mərkəzi və dərnək səviyyəsində fəaliyyət göstərən qruplar var idi. Eyni zamanda elə partiyalar var ki, bir növ radikal qanada malikdirlər və radikal çıxışlar edirlər. Belə olan təqdirdə onların fəaliyyəti ümummilli maraqlarla üst-üstə düşmür. Bir sıra hallarda onlar ziddiyyətli bəyanatlar verirlər. Bu qrupların toplaşaraq nəyisə müzakirə etməsi, ortaya qoyması xəyaldan başqa bir şey deyil. Ona görə də zaman-zaman həmin qruplardan ayrılmalar baş verir. Burada sosioloji və politoloji təhlillər var. Sosioloji, politoloji təhlillər apararaq bu nəticəyə gəlmək olar ki, İP siyasi baxımdan ölü doğulmuş qurumdur. Bu qurum yarandığı vaxtdan elə beşiyindəcə iflasa doğru getməkdədir və bu gündə onun iflas etməsinin elementləri özünü açıq şəkildə göstərir. İP adlanan qurumu yaradanların fikri 2013-cü ildə bir namizədlə seçkilərə qatılmaqdır. Bizim üçün kimin namizəd olacağı böyük bir önəm daşımır. Kim namizəd olursa-olsun. Biz onlarla siyasi və ideoloji müstəvidə bir araya gələrək təbliğat, təşviqat işində onlarla yarışacağıq. Faktlarla, sübutlarla ölkənin uğurları ilə onlara deməyə sözümüz kifayət qədərdir. Biz çatışmazlıqları da, onun səbəblərini də, həlli yollarını da bilirik. Ona görə də cəmiyyətdə uğurlara sahibi olduğumuz kimi bəzi uğursuzların da sahibiyik. Hansısa uğursuzluq, çatışmazlıq varsa onun həlli yollarını da göstərməyə qadirik. Biz xalq ilə açıq dialoq, açıq söhbət aparmaq imkanına malikik. Əgər bu gün Azərbaycanın hər hansı bir bölgəsində problem varsa, onu YAP-ın yerlərdəki kadrları,partiyanın üzvü olan hökümət nümayəndələri aradan qaldırmaq iqtidarındadırlar. İndiki hakimiyyət prezident İlham Əliyev rəhbərliyi ilə onun müəyyən etdiyi strateji xəttlə Azərbaycanın istənilən problemini həll etməyə qadirdir. Odur ki, İP adlanan qurumun zaman-zaman toplaşaraq hansısa bir bəyanatlar verməsi, toplantılarını mediada, mətbuatda yayaraq onu qabartmağa çalışması, onlarında gördüyü kimi heç bir əks-səda doğurmur. Cəmiyyətdə onların sözləri nəyisə dəyişdirmir və dəyişdirə də bilməz. Çünki cəmiyyət onların istədiyini, onların söylədiyi fikirlərin arxası ilə getmir. Xalqımız prezident İlham Əliyev siyasətini müdafiə edir. İP mövcud olsa belə növbəti seçkidə bu bizim üçün böyük rəqib ola bilməz.

Bütün xəbərlər Facebook səhifəmizdə