Son vaxtlar gündəmdə olan əsas məsələlərdən biri də Azərbaycan və Rusiya arasında Qəbələ radiolokasiya stansiyasının (RLS) icarə müddətinin uzadılması ilə bağlı gedən danışıqlardır. Azərbaycan Qəbələ RLS-nin icarəsinin davam etdirilməsi prosesi ilə bağlı Rusiyanın bəzi təklifləri ilə razılaşmır. Rəsmi Bakının razılaşmadığı əsas təklif Rusiyanın obyektin statusunun dəyişdirilməsi və Qəbələ RLS-i hərbi bazaya çevirmək istəyidir. Belə olan təqdirdə obyekt analitik-informasiya mərkəzi statusunu itirmiş olacaq.
Eyni zamanda Azərbaycanın mövcud qanunvericiliyi də ölkə ərazisində digər dövlətə məxsus hərbi bazanın yerləşməsini qadağan edir. Ölkə ərazisində hansısa dövlətə məxsus hərbi bazanın yerləşməsi Azərbaycanın marağına uyğun deyil. Politoloq Mürtəza Həsənovun sözlərinə görə, Azərbaycan tərəfi Qəbələ RLS-in mövcud statusu saxlanılmaqla, eləcə də qiymətlər mövcud reallığa uyğunlaşdırılmaqla icarə müddətinin artırılmasını tələb edir.
Qəbələ RLS-in bu gün belə çox əhəmiyyətli bir obyekt olaraq öz təsirini saxladığını deyən politoloq bildirib ki, hazırda dünya əhəmiyyətli bir transformasiyadan keçir: "Xüsusilə Yaxın Şərqdə baş verən hadisələr, Qəbələ RLS-in əhəmiyyətini daha da artırır. Azərbaycan təbii olaraq müstəqil bir dövlət olaraq ərazisində yerləşən obyektin icarə qiymətini müəyyənləşdirə bilər. Eyni zamanda mətbuatda çıxan xəbərlərdə deyildiyi kimi, Azərbaycanla Rusiya arasında ortaq məxrəcə gəlinməməsinə səbəb təkcə icarə məsələsi deyil. Rusiya sizin də qeyd etdiyiniz kimi, stansiyanı hərbi bazaya çevirmək istəyir. Azərbaycan qanunvericiliyi, ümumiyyətlə dövlətin maraqları buna yol vermir. Azərbaycan da Rusiyanın bu şərti ilə razılaşa bilməz. Digər başqa bir məsələ odur ki, ruslar obyekti 2-3 illiyinə icarəyə götürmək istəyirlər. Bundan başqa biz həmin stansiyada eyni zamanda azərbaycanlı hərbi kadrların da işləməsini istəyirik. Çünki oradakı heyət demək olar ki, əksəriyyət rus hərbiçilərindən ibarətdir. Bu istiqamətdə də iki ölkə arasında anlaşılmazlıqlar var".
"Ortaq nöqtə tapıla biləcəkmi" sualına münasibət bildirən politoloq bildirib ki, son söz şübhəsiz ki, Rusiya və Azərbaycan prezidentlərinindir. Amma bugünkü şərtlərdə stansiyanın hərbi bazaya çevrilməsindən söhbət gedə bilməz.
Rusiyanın imtina edəcəyi halda stansiyadan digər ölkələrin istifadə etmək niyyətində olmaları barədə yayılan məlumatlara gəlincə, M.Həsənov bildirib ki, Rusiyanın bu stansiyadan yaxın dövrdə əl çəkəcəyi real deyil: "Hal-hazırda ruslar stansiyada mövcud sistemlərin və obyektlərin yenidən qurulmasını həyata keçirirlər. Qəbələ RLS Rusiyanın raketdən müdafiə sisteminin mərkəzində dayanır və əsas elementlərindən birini təşkil edir".
Rusiyanın nəzərdə tutduğu bu plan baş tutmazsa, Qəbələ RLS-dən imtina edilərsə, Azərbaycan özü bu stansiyadan təkbaşına istifadə edə bilərmi sualına cavab olaraq politoloq deyib ki, Azərbaycan inkişaf etməkdə olan bir ölkədir və müstəqillikdən sonra savadlı, hərbi mütəxəssislər yetişib: "Rusların keçmiş protokollarına görə, stansiyada Azərbaycan əsilli kadrlar əsas vəzifələrdə təmsil olunmurdu. Amma belə bir deyim var: "Çarələr heç vaxt tükənmir". Azərbaycan bəlkə bir az çətinliklər çəkəcək, bəlkə bu bir səbəb olacaq ki, artıq biz belə obyekti işlətmək üçün tamamilə öz kadrlarımızdan istifadə edək. Bunun üçün daha mükəmməl bilik almaq üçün xaricə kadrlar göndərilə bilir. Ölkə içində mühəndislərimiz yetişdirilə bilir".
Qeyd edək ki, Qəbələ RLS 1984-cü ildə SSRİ-nin raket əleyhinə müdafiə sistemi kimi inşa edilib. RLS-in imkanları Hind okeanı körfəzində ballistik raketlərin buraxılışını izləməyə şərait yaradır. Qəbələ RLS-in Rusiya tərəfindən icarəsinə dair 10 illik saziş 2002-ci ildə imzalanıb. Sazişin İndiyədək Rusiya RLS-in icarəsinə görə ildə 7 milyon dollar ödəyib. Azərbaycan RLS üçün Rusiyadan 300 milyon dollar istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB