ASALA terror təşkilatının böyük fəaliyyət siyahısı var

ASALA terror təşkilatının böyük fəaliyyət siyahısı var

"2001-ci ilin 11 sentyabrında Amerikada (ABŞ) baş verən hadisə dünyanı lərzəyə saldı. Terror özünün ən pik nöqtəsinə çatdı. Minlərlə insan bir anda terrorun qurbanı oldu". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə söyləyib.

Onun sözlərinə görə, bununla belə ABŞ-ın təhlükəsizlik sistemində boşluqların olduğu bir daha məlum oldu: "Vaxtaşırı olaraq erməni terror təşkilatları türk diplomatlarına, türkiyənin xaricdəki nümayəndəliklərinə qarşı terror hadisəsi törədirdilər. Ancaq Qərb dünyası buna kənardan sakitcə baxmaqla kifayətlənib. Bunu onlar sadəcə Ermənistanla Türkiyə arsında olan bir konflikt kimi qiymətləndirib. ABŞ, Qərb dünyası, dünyanın digər dövlətləri beynəlxalq siyasətdə artıq ümumi stabillik, inkişafla yanaşı həmçinin terrora qarşı mübarizədə səylərini birləşdirməyə çalışdılar. Həmin hadisədə 3 mindən çox insan öldü, on minlərlə insan isə xəsarət aldı".

A.Mirzəzadə terror hadisəsinin hər zaman dünyanın istənilən yerində baş verə biləcəyini və ilk növbədə günahsız insanların terrorun qurbanı olduğunu diqqətə çatdırıb: "Terror öz-özünə baş vermir. Bunun üçün şübhəsiz ki, xüsusi addımlar hazırlanır. Bunun mütləq çox ciddi maliyyə qaynaqları olmalıdır. Ən əsası bunu dəstəkləyən müəyyən dairələr olmalıdır. 11 sentyabr hadisəsi bunu bir daha ortaya çıxardı. Tarixçilər və siyasətçilər son dövrdə yeni dünya tarixini 11 sentyabra qədər və 11 sentyabrdan sonrakı dövrə bölməyə çalışırlar. Azərbaycan bu gün terrora qarşı mübarizədə öndə gedən ölkələrdən biridir. Çünki onun özü də terrora məruz qalıb. 90-cı illərdə müstəqillik ərəfəsində Ermənistan xüsusi xidmət orqanları tərəfindən ölkəmizin ictimai nəqliyyatında, 1994-cü ildə Bakı metrosunda böyük bir terror hadisəsi törədildi. Həmin hadisədə minlərlə insan həlak oldu".

YAP Siyasi Şurasının üzvü həmçinin ASALA erməni terror təşkilatının Ramil Səfərovun Azərbaycana ekstradisiya olunmasından sonra hədələyici məktublarla, bəyanatlarla çıxış etməsi məsələsinə də toxundu: "Hesab edirik ki, bu istiqamətdə səylər birləşdirilməlidir. Bu cür məsələlərə reaksiya çox güclü olmalıdır və heç bir halda terror təhlükəsi hədəsi yaddan çıxmamalıdır. Bunun istənilən təzahürünə qarşı çox ciddi reaksiya verilməlidir. ASALA terror təşkilatının çox böyük fəaliyyət siyahısı var. Bu, dünya ölkələri ilə yanaşı, Amerika (ABŞ) tərəfindən də tanınan terror təşkilatıdır. Təşkilatın fəaliyyətinin bərpası heç də təsadüfi deyil. Yəni, bu kimi məsələlər bir mərkəzdən idarə olunur. Hesab edirəm ki, terror təşkilatlarının hər birinin hardasa öz kökü var. Onlar bir məqsəd istiqamətində birləşərək ona doğru hərəkət edirlər. Bunun digər təşkilatlarla bağlılığı, onların fəaliyyəti ciddi araşdırılmalıdır. Konkret olaraq ASALA-nın fəaliyyəti artıq ciddiyə alınıb və buna qarşı Azərbaycan, Macarıstan eləcə də dünyanın digər dövlətləri mübarizə aparırlar. Bununla belə demək olmaz ki, Azərbaycan və onun vətəndaşları bu cür təhlükəyə qarşı heç cür mühafizə olunmurlar. Mühafizəmiz var, dövlətimiz kifayət qədər güclüdür, bu məsələlər daim diqqətdə saxlanılır. Ancaq bununla belə, Ermənistan və ASALA təşkilatının dünyaya meydan oxuması diqqətdən kənarda qalmamalıdır. Bu cür terror təşkilatlarının haradan dəstək aldığı, hansı mənbələrdən qidalandığı kifayət qədər aydın görünür".

Bütün xəbərlər Facebook səhifəmizdə