Tacikistan Prezidenti Sumqayıt Texnologiyalar Parkında olub

Tacikistan Prezidenti Sumqayıt Texnologiyalar Parkında olub

Azərbaycana rəsmi səfəri çərçivəsində Tacikistan Prezidenti Emoməli Rəhmon Sumqayıt Texnologiyalar Parkında (STP) olub. SİA-nın məlumatına görə, "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev Tacikistan Prezidenti Emoməli Rəhmona məlumat verib ki, 17 zavoddan ibarət olan STP-də müxtəlif çeşidli məhsullar, o cümlədən kabellər, transformatorlar, yüksək gərginlikli avadanlıq, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular, texniki qazlar istehsal edilir.

Yüksək gərginlikli elektrik avadanlıqları zavodu ilə tanış olan Tacikistan Prezidentinin diqqətinə çatdırılıb ki, burada transformator yarımstansiyaları üçün elektrik dolabları istehsal edilir. Hazırda zavodda müxtəlif çeşiddə 10 kilovolta qədər olan elektrik dolabları istehsal edilir.
Sonra ali qonaq günəş kollektorları və qazanları zavodu ilə tanış olub.

Kabel zavodunun fəaliyyəti ilə də tanış olan E.Rəhmonın diqqətinə çatdırılıb ki, burada 400 voltdan 110 kilovoltadək polimer örtüklü güc kabelləri hazırlanır. İllik istehsal gücü 20 min ton olan zavodun özünəməxsusluğu ondadır ki, müəssisədə alüminium, dəmir və qurğuşun zirehli sualtı kabellər də buraxılır. Bu ilin sonunadək zavodun ikinci hissəsi işə düşəcək. Bununla da, Cənubi Qafqazda yalnız burada 500 kilovoltadək güc kabelləri istehsal etmək mümkün olacaq.

STP-nin fəaliyyəti ilə tanış olan Tacikistan Prezidenti Emoməli Rəhmon kollektivə uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə