DMX-nin rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb

DMX-nin rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb

Görüşdə ölkələr arasında əmək miqrasiyası sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib


Bu gün Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Faruk Çelik və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


Xidmət rəisi Firudin Nəbiyev qonaqları səmimi salamlayaraq qardaş ölkələr arasında əlaqələrin bütün istiqamətlərdə yüksək səviyyədə olduğunu, eyni zamanda miqrasiya sahəsində əməkdaşlığın da uğurla davam və inkişaf etdirildiyini söyləyib. Xidmət rəisi son illər respublikamızda miqrasiya sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib, əldə edilən müsbət nəticələrdən danışıb. Firudin Nəbiyev həmçinin bu səfərin əmək miqrasiyası sahəsində əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından önəmli olacağına əminliyini vurğulayıb.


Azərbaycanın sürətli iqtisadi inkişafına və hər bir uğuruna sevindiklərini dilə gətirən nazir Faruk Çelik iki ölkə arasında əlaqələrin dostluq və qardaşlıq münasibətlərinə söykəndiyini, mövcud əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi üçün ölkəsi tərəfindən bütün səylərin göstəriləcəyini diqqətə çatdırıb.


Görüşdə iki ölkə arasında əmək miqrasiyası sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.


Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə