Əli Həsənov: \"Rusiya-Azərbaycan forumunda birgə bəyanatın imzalanması gözlənilir\" - MÖVQE
Sabah Bakıda keçiriləcək 3-cü Rusiya-Azərbaycan Regional Əməkdaşlıq Forumunda iki ölkə arasındakı strateji tərəfdaşlıq kursunun davam etdirilməsi məsələsi müzakirə olunacaq. Bunu çərşənbə günü Trend-ə Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
\"Forumda iki ölkə arasındakı strateji tərəfdaşlıq kursunun davam etdirilməsinin, dövlət başçılarının müəyyən etdiyi kursa müvafiq olaraq bütün istiqamətlər üzrə münasibətlərin müzakirə edilməsi və gələcək əməkdaşlığın prioritetlərinin müəyyən olunması vəzifəsi qoyulub. Rusiya və Azərbaycanın yüksəkvəzifəli şəxslərinin qatıldığı forumda 7 seksiyada siyasi, iqtisadi, mədəni, sosial, təhlükəsizlik, dövlətlərarası münasibətlərin regional aspektləri, Xəzər dənizi və onun ətrafında əməkdaşlıq məsələləri və digər məsələlələr müzakirə olunacaq, mühüm qərarlar qəbul ediləcək. Birgə bəyanatın qəbul olunacağı və iki ölkənin müfafiq strukturları arasında sazişlər imzalanacağı gözlənilir\", - Ə.Həsənov bildirib.
PA rəsmisinin sözlərinə görə, tədbir Rusiya ilə Azərbaycanın regional əməkdaşlığına həsr olunub: \"İki ölkə arasında əməkdaşlığın prioritet sahələrini və kursunu dövlət başçıları müəyyən edir, bu tip forumlar isə əsasən bu prioritetlərin dəyərləndirilməsi və həyata keçirilməsi, bəzi mövcud problemlərin aradan qaldırılması məqsədi daşıyır\".
Onun sözlərinə görə, bu forum bu müstəvidə keçirilən üçüncü forum olacaq. İlk forum 3 il bundan öncə Bakıda keçirilib.
Rusiya Prezidenti Administrasiyasının 100-dən artıq yüksək ranklı nümayəndələri, hökumət və parlament, o cümlədən ayrı-ayrı regionların təmsilçilərinin iştirakı ilə həmin forumda iki ölkə arasındakı strateji əməkdaşlıq kursunun davam etdirilməsi ilə bağlı dövlət başçılarının verdiyi bəyanatlar, imzaladıqları sənədlər və qarşıda duran vəzifələr müzakirə edilmiş və bütün sahələr üzrə gələcək əməkdaşlığın perspektivləri ilə bağlı mühüm qərarlar qəbul olunmuşdu.
Keçən il ikinci forum Həştərxan şəhərində keçirilib. Bu forumda Azərbaycanı təmsil edən 100-dən artıq nümayəndə heyəti Rusiyanın nümayəndələri ilə birlikdə iki ölkə arasındakı münasibətlərin mövcud vəziyyəti və perspektivləri ilə bağlı mühüm qərarlar qəbul edib.
Əli Həsənov deyib ki, bu il forum eyni müstəvidə Bakıda işini davam etdirəcək.
Azərbaycan və Türkiyə arasında imzalanan Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinin dünyada enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcəyini deyən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri bildirib ki, TANAP layihəsinin 3 ciddi əhəmiyyəti var.
Birincisi, bu layihə iki qardaş, dost ölkə olaraq həm Türkiyə, həm də Azərbaycanın enerji təhlükəsizliyi layihələrinin reallaşdırılması istiqamətində iqtisadi vəziyyətin yaxşılaşdırılmasına, iki ölkənin bu sahədə tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə, bir-birinə iqtisadi cəhətdən daha da sıx şəkildə bağlanmasına istiqamətlənib.
İkincisi, layihə Xəzərin Azərbaycan sektorundan çıxan zəngin qaz ehtiyatlarının - onların da miqdarı az deyil, Azərbaycanın hazırda 2,6 trilyon kubmetr qaz ehtiyatı aşkarlanıb - Türkiyə vasitəsilə Avropa bazarlarına çıxarılması, birinci əldən realizə olunması və əldə olunmuş gəlirin Azərbaycanın və müvafiq olaraq Türkiyənin inkişafına yönəldilməsidir.
Üçüncüsü isə, dünyada enerji təhlükəsizliyinin təmin olunmasında, Cənubi Qafqazın, o cümlədən Xəzər hövzəsində Azərbaycanın Türkiyə və Gürcüstan, Tükmənistan və digər ölkələrin əməkdaşlıq sahəsinin genişləndirilməsi, dünyada qaz ixracı marşrutlarının şaxələndirilməsi, qaz bazarlarına daha çox maye qazın çıxarılması və üçüncü minillikdə dünyada enerji təhlükəsizliyinə töhfənin verilməsidir.
Qeyd edək ki, dünən İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə TANAP layihəsi üzrə sənədlərin imzalanması mərasimi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB