Xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin 2012-ci il buraxılışı olub

Xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin 2012-ci il buraxılışı olub

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev mərasimdə iştirak edib


Bu gün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin 2012-ci il buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Müdafiə naziri general-polkovnik Səfər Əbiyev və fəxri qarovul dəstəsinin rəisi Ali Baş Komandana raport veriblər.

Mərasimdən əvvəl dövlət başçısı ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub.

Prezident, Ali Baş Komandan İlham Əliyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində aparılmış yenidənqurma və maddi-texniki bazanın gücləndirilməsi ilə bağlı görülən işlərlə tanış olub. Sonra prezident İlham Əliyev mərasimin keçirildiyi stadiona gəlib.

Mərasimi müdafiə naziri, general-polkovnik Səfər Əbiyev açıb.Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı mərasimdə nitq söyləyib.

Sonra Prezident, Ali Baş Komandan İlham Əliyev xüsusi təyinatlı hərbi məktəblərin tədris və intizamda birinci yerləri tutan və təhsil müəssisələrini fərqlənmə ilə bitirən məzunlarına diplomlar təqdim edib. Tədrisdə və intizamda birinci yerləri tutan məzunlar qiymətli hədiyyələrlə təltif olunublar.

Dövlət başçısı bir qrup zabitə mənzillərin orderlərini təqdim edib. Ali Baş Komandan onları təbrik edib, gələcək xidmətlərində uğurlar arzulayıb.

Digər məzunlara diplomlar müəllim heyəti tərəfindən təqdim edilib.

Sonra məzunların buraxılış mərasimi davam etdirilib. Tədris və intizamda birinci yerləri tutan məzunlar üzərində ulduz və aypara təsviri olan emblemi rəmzi yaş kötüklərinə vurublar.

Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağının təhvili və qəbulu olub.

Sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağı gətirilib, kursantlar təntənəli hərbi marşın sədaları altında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin olduğu tribunanın qarşısından keçiblər.

Mərasimdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Baş nazirin, parlament sədrinin müavinləri, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə