İldırım Məmmədov: \"Rusiyanın Qəbələ RLS-dən çəkilməsinin Azərbaycan üçün heç bir fərqi yoxdur\"- MÜSAHİBƏ (Səs Tv)

İldırım Məmmədov: \"Rusiyanın Qəbələ RLS-dən çəkilməsinin Azərbaycan üçün heç bir fərqi yoxdur\"- MÜSAHİBƏ (Səs Tv)

Son günlərdə Rusiya mətbuatında Qəbələ RLS-lə bağlı müxtəlif fikirlər səsləndirilir. İddialara görə, Rusiya Qəbələ RLS-dən çəkilir. Bunları ortaya çıxaran səbəbləri və Rusiya-Azərbaycan münasibətlərində Qəbələ RLS-in roluna Hərbi Analitik Tədqiqatlar Mərkəzinin direktoru Səs TV-nin efirində İldırım Məmmədov aydınlıq gətirib.

- İldırım müəllim, iddialara görə, Rusiya artıq Qəbələni tərk etməyə başlayır. İlk olaraq bu məsələyə münasibət bildirmənizi istərdim. Bu stansiyanın Azərbaycan və Rusiya üçün ümumi önəmi nədən ibarətdir?

-Qəbələ RLS Sovet İttifaqının özünü ümumi raket hücumundan müdafiə etmək üçün nəzərdə tutulan stansiyalardan biri olub. Lakin Qəbələ RLS nə qədər önəmli olsa da Krasnodar vilayətində 2008-ci ildə onu əvəz edəcək növbəti RLS tikilib. Həmin stansiya yeni texnikalar əsasında qurulub və bugünə qədər də tam gücü ilə işləyir. Lakin bu məlum məsələdir ki, Qəbələ RLS Rusiya üçün bir çox işlərdə lazımlıdır. Məsələn, Rusiya-ABŞ, Rusiya-NATO münasibətlərində, danışıqların aparılmasında Qəbələ RLS çox önəmli rol oynayır. Eyni zamanda Rusiya Qəbələ RLS vasitəsilə Azərbaycanda böyük bir ərazidə ağalıq etmək məqsədi güdür. Bu gün Rusiyada Qəbələ RLS-si əvəz edən çox şey var. Qəbələ RLS ilə NATO-nun Avropadakı raket əleyhinə müdafiə sistemləri bir-birini görə bilmir. Çünki onların tezlik sistemi fərqlidir. Avadanlığın yenilənməsi üçün külli miqdarda valyuta tələb olunur və Rusiya buna hazır deyil. Ona görə də bununla Rusiya sadəcə öz keçmiş dahiliyini və ağalığını qorumaq istəyir. Azərbaycan da Rusiyaya danışıqlar zamanı real qiymət deyib. Bu əslində çoxdan atılması gərəkən addım idi.

- Rusiyanın RLS-dən çəkilməsi Azərbaycan üçün hansı nəticələri verə bilər?

-Əslində Rusiyanın RLS-dən istifadə etməsinin Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Əksinə, Rusiyanın istifadəsi digər ölkələr tərəfindən Azərbaycana təhlükə yaradır. Rusiyada kifayət qədər RLS-lər var və NATO ilə bu barədə danışmaq hüququna malikdir. Lakin Qəbələ barəsində Rusiya NATO ilə danışa bilməz.

- Sizcə, RLS-lə bağlı danışıqlar hansı nəticə ilə sonlanacaq?

-Qəbələ RLS haqqında müqavilənin müddəti 2012-ci ilə qədərdir. 2012-ci ildən sonra onun keyfiyyət qabiliyyəti aşağı düşür. Yeni nanotexnologiyalar, mikrosxemlər meydana çıxıb. RLS-də olan qüllələrin hər biri Azərbaycana ekoloji və sağlamlıq cəhətdən kifayət qədər zərər verir. Həmçinin bu, yerli əhalinin ərazidən istifadə etmək qabiliyyətini məhdudlaşdırır. Düşünürəm ki, Azərbaycannın kifayət qədər gəliri var. Fikrimcə, Azərbaycan təklif olunan məbləği rədd edəcək, bu stansiyanın fəaliyyətini müəyyən zaman çərçivəsində dayandıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə