ABŞ-ın dövlət katibi Bakıda nələri müzakirə edəcək?

Ekspertlər hesab edir ki, İranla bağlı məsələlər prioritet təşkil edəcək


Xəbər verildiyi kimi, Birləşmiş Ştatların dövlət katibi Hillari Klintonun bu gün Cənubi Qafqaza səfəri başlayıb. Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton bu gün Ermənistana səfər edib. Klinton İrəvanda Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb. Qeyd edək ki, Qafqaza səfəri çərçivəsində xanım Klinton sabah Gürcüstana, iyunun 6-da isə Azərbaycana gələcək. Daha sonra isə ümumdünya antiterror forumunda iştirak etmək üçün İstanbula yola düşəcək.


Klintonun səfəri ilə bağlı ANS-ə müsahibə verən Amerika Birləşmiş Ştalarının Azərbaycandakı keçmiş səfiri Metyu Brayza dövlət katibinin Bakıya səfərinin əsas məqsədinin İranla bağlı müzakirələr aparmaq olduğunu bildirib. Brayzanın sözlərinə görə, dövlət katibi Hillari Klintonun bölgəyə səfər etməsi ABŞ üçün bu regionun əhəmiyyətini göstərir.


"ABŞ üçün əsas məsələlərdən biri Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıqdır. Təbii ki, təhlükəsizlik məsələləri də önəm kəsb edir. Dövlət katibi Hillari Klintonun diqqət çəkmək istədiyi məsələlərdən biri Azərbaycanın özünü İranın təzyiqi altında necə hiss etməsidir. Aydın məsələdir ki, İran burada Azərbaycana təzyiq göstərmək istəyir. Yəqin ki, Hillari Klinton regionun bu təzyiq altından necə çıxacağını müzakirə obyekti kimi seçib. Müzakirə mövzularından biri Dağlıq Qarabağ probleminin həlli olacaq", - deyə o vurğulayıb.


Politoloq Rasim Musabəyov da hesab edir ki, Klintonun bölgəyə səfəri konkret məqsədlərə hesablanıb. Onun sözlərinə görə, əsas müzakirə mövzuları regionda təhlükəszlik, İran və Rusiya amilidir.


Qeyd edək ki, bu, Klintonun Cənubi Qafqaz ölkələrinə ikinci səfəridir. Hillari Klinton ilk dəfə 2010-cu ildə Azərbaycan, Ermənistan və Gürcüstana səfər etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...