Almaniyanın “Die Welt” qəzeti “Eurovision”-dan yazıb

Almaniyanın "Die Welt" qəzetinin 26 may sayında dərc olunmuş "Bakı üçün səhnə" adlı məqalədə alman jurnalist Holqer Kraytlinq "Eurovision" mahnı müsabiqəsi vaxtı Azərbaycan və Bakı şəhəri haqda əldə etdiyi təəssüratlarını bölüşür.

SİA-nın Azərtac-a istinadən verdiyi xəbərdə müəllif qeyd edir ki, Prezident İlham Əliyev ölkəni Qərb iş adamları üçün açmışdır. Bakı təəccüb doğuracaq səviyyədə açıq təəssürat bağışlayır və Qərbə tərəf irəliləyir. Dənizkənarı park gecə-gündüz adamla doludur, şəhər yaşıllıqla zəngindir, yaşlılar və uşaqlar parklarda gəzirlər, şəhərin hər yerində gözəl geyimli xaımları görmək mümkündür. Şəhərdə əl-ələ gəzən cütlüklərin olması və baş örtüklərinin gözə dəyməməsi sübut edir ki, bu müsəlman ölkəsi kifayət qədər dünyəviləşmişdir. Eyni zamanda duymaq olur ki, pop mədəniyyəti Bakıda geniş yayılmışdır və insanlar ondan bərk yapışırlar. Homoseksuallara qarşı ehtimal olunan nifrəti duymaq isə olmur. Azərbaycan homoseksuallara qarşı Rusiya və ya Serbiyada olduğundan daha tolerant yanaşır. Doğrudur, homoseksuallıq burada da qəbul olunmur, ancaq təqib də edilmir.

Məqalənin sonunda müəllif qeyd edir ki, bütün bunlar ona görə təəccüblü gəlir ki, Azərbaycan İranın birbaşa qonşuluğunda yerləşir. İki müsəlman ölkəsi arasında fərq bundan böyük ola bilməzdi.

İran bir neçə gün əvvəl Azərbaycan dövlətini "Eurovision" mahnı müsabiqəsi vasitəsilə İslama hörmətsizlikdə ittiham etmiş, öz səfirini geri çağırmaqla və Azərbaycanın İrandakı səfirini İranın Xarici İşlər Nazirliyinə dəvət etməklə etirazını bildirib. İranın din xadimləri isə mümkün homoseksual nümayişlərin qarşısını almaq tələbi irəli sürmüşlər. Müəllif belə nəticəyə gəlir ki, Bakını ziyarət edənlər özlərini təbliğat şousunda hiss edə bilərlər, ancaq müsbət tərəflər və səmimi qəbulu duymamaq mümkün deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...