Azərbaycan prezidenti MSK-nın keçmiş sədrinin vəfatı ilə əlaqədar başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev və digər dövlət rəsmiləri Cəfər Vəliyevin vəfatı ilə əlaqədar başsağlığı verib. SİA-nın məlumatına görə, başsağlığında bildirilir ki, Azərbaycan ictimaiyyətinə ağır itki üz verib, respublikanın əməkdar hüquqşünası, general-leytenant, professor Cəfər Cəbrayıl oğlu Vəliyev 2012-ci il iyunun 1-də ömrünün 82-ci ilində vəfat edib. C. Vəliyevin avtobioqrafiyasının qeyd olunduğu nekroloqda uzun illər ərzində tutduğu vəzifələrdən asılı olmayaraq çalışdığı bütün sahələrdə onun həmişə yüksək peşəkarlıq, böyük təşkilatçılıq qabiliyyəti, prinsipiallıq nümayiş etdirdiyi bildirilib, özünə xas tələbkarlığı, məsuliyyət hissi, mənəvi saflığı və insanlara münasibətdə həssaslığı sayəsində dərin hörmət və rəğbət qazandığı vurğulanıb: "Onun ölkənin hüquq-mühafizə orqanlarında kadrların yetişdirilməsi və onların peşəkarlıq səviyyəsinin artırılması istiqamətində təqdirəlayiq xidmətləri var. Dövlət müstəqillinin bərpasından sonrakı dövrdə Cəfər Vəliyev respublikada seçki sisteminin yeni ictimai-siyasi şəraitdə dövrün tələblərinə uyğun qurulmasına öz töhfəsini verib.


Cəfər Vəliyevin çoxillik səmərəli fəaliyyəti və hüquq elminin inkişafında xidmətləri yüksək qiymətləndirilib. O, bir sıra orden və medallara layiq görülüb, o cümlədən "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilib. Tanınmış hüquqşünas, gözəl pedaqoq və səmimi insan Cəfər Cəbrayıl oğlu Vəliyevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.


Allah rəhmət eləsin!"


İlham Əliyev

Artur Rasizadə

Oqtay Əsədov

Ramiz Mehdiyev

Hacıbala Abutalıbov

Ramil Usubov

Fikrət Məmmədov

Fərhad Abdullayev

Ramiz Rzayev

Zakir Qaralov

Məzahir Pənahov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...