Azərbaycanda yeni idarəetmə strukturları yaradılır

Milli Məclisin Regional məsələlər Komitəsinin iclasında "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanuna dəyişikliklər müzakirə olunub. SİA-nın verdiyi xəbərə görə, iclasda çıxış edən regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, inzibati ərazi bölgüsü olmayan rayonlarda sahələr yaradılacaq: "Sahələr 20 min əhalisi olan ərazini əhatə edəcək, istisna hallarda daha az əhalisi olan əraziləri əhatə edəcək. İstisna hal odur ki, həmin ərazilərdə inzibati idarəetmə orqanı olmasın".

A.Rəhimzadənin sözlərinə görə, kiçik bir kəndin idarəolunması həyata keçirildiyi təqdirdə, Bakının Yasamal kimi böyük rayonunu yalnız icra hakimiyyəti idarə edir: "İdarəetməni -əhaliyə daha yaxın etmək məqsədi ilə sahə inzibati idarəetmə strukturları yaradılmalıdır",- deyə komitə sədri vurğulayıb.

Millət vəkili Tahir Rzayev qanuna əlavəyə münasibət bildirərək qeyd edib ki, yeni strukturların yaradılması əlavə iş yerlərinin yaranmasını və gənclərin idarəçilik sisteminə cəlb olunmasına şərait yaradacaq.

Millət vəkili Fəzail İbrahimli isə öz növbəsində bildirib ki, yeni strukturların yaradılması İcra Hakimiyyətlərinin üzərinə düşən yükün yüngülləşməsinə səbəb olacaq.

Qanuna təklif olunan əlavələrə əsasən sahə inzibati ərazi dairəsi - rayon bölgüsü olmayan şəhər inzibati ərazi vahidinin inzibati mərəkəzi olan ərazi vahidinin ərazisində və şəhər rayonu inzibati ərazi vahidinin ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində yerli dövlət hakimiyyəti orqanlarının yaradıldığı ərazidir.

Rayon bölgüsü olmayan şəhər inzibati ərazi vahidinin inzibati mərkəzi olan ərazi vahidinin ərazisində və şəhər rayonu inzibati ərazi vahidinin ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində dövlət hakimiyyəti orqanlarının əhaliyə yaxınlaşması və idarəetmənin səmərəliliyinin artırılması məqsədi ilə sahə inzibati ərazi dairələri yaradılır.


Qeyd edək ki, Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olan qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə