Respublika Günü Los Ancelesdə qeyd olunub

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu Respublika Günü və Azərbaycan-ABŞ diplomatik münasibətlərinin qurulmasının 20-ci ildönümü münasibətilə Los Ancelesin nüfuzlu Riviera klubunda geniş ziyafət təşkil edib. Konsulluqdan SİA-ya verilən xəbərə görə, ziyafətdə Kaliforniya, Nevada, Nyu Meksiko, Oreqon, Vaşinqton və ABŞ-ın bir sıra digər qərb ştatlarının təmsilçiləri, Los Anceles dairəsinin və meriyasının məsul əməkdaşları, ABŞ Dövlət Departamentinin nümayəndələri, xarici dövlətlərin Kaliforniyadakı baş konsulları, müxtəlif Kaliforniya universitetlərinin professorları, yerli KİV təmsilçiləri, həmçinin Azərbaycan, türk, yəhudi və İran icmalarının üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev 28 may tarixinin Azərbaycan üçün xüsusi önəm daşıdığını, 94 il öncə məhz bu tarixdə İslam dünyasının ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını qeyd edərək, bu möhtəşəm hadisənin Azərbaycan xalqının milli dövlətçilik ənənələrinin bərpasında müstəsna rol oynadığını bildirib, Cümhuriyyətin əldə etdiyi nailiyyətlərdən, həyata keçirdiyi mütərəqqi islahatlardan, Ə.Topşubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin Parisdə ABŞ Prezidenti V.Vilson ilə keçirdyi görüşdən bəhs edib. 1920-ci ildə xarici işğal nəticəsində Cümhuriyyətin mövcudluğuna son qoyulmasından sonra növbəti 71 il ərzində Azərbaycan xalqının öz müstəqil dövlətçiliyinin bərpasına inamını əsla itirmədiyini qeyd edən N.Ağayev bu arzuların nəhayət 1991-ci ildə gerçəkləşdiyini söyləmişdir. Diplomat müstəqilliyinin 21 ili ərzində Azərbaycanın heyrətamiz dəyişikliklər proseslərindən keçərək dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə və Xəzər dənizi regionunun açar dövlətinə çevrildiyini, fəal xarici siyasət yürütdüyünü bildirmişdir. N.Ağayev ötən il 155 dövlətin dəstəyi ilə Azərbaycanın BMT TŞ-yə üzv seçilməsinin ölkəmizin artmaqda olan qlobal nüfuzunun bariz göstəricisi olduğunu qeyd edib.

Azərbaycan-ABŞ münasibətlərinə toxunan N.Ağayev son 20 ildə iki dövlət arasında möhkəm strateji tərəfdaşlıq və dostluq münasibətlərinin qurulduğunu qeyd edib, bu gün Azərbaycanın dünyanın vacib bir bölgəsində ABŞ-ın etibarlı və həlledici tərəfdaşı olduğunu diqqətə çatdırıb. İki ölkənin ümumi dəyərləri, maraqları və strateji baxışları paylaşdığını bildirən baş konsul ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin bundan sonra daha da gücləndirilməsinin və dərinləşdirilməsinin zəruriliyini vurğulayıb.

Sonra Kaliforniyanın Los Anceles Dairəsinin, Orinc Dairəsi və Karson şəhəri adından Respublika Günü münasibətilə təbrik mesajları oxunub və müvafiq şəhadətnamələr sözügedən bələdiyyələrin rəsmi nümayəndələri tərəfindən N.Ağayevə təqdim edilmişdir. Həmçinin, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı Los Anceles Dairəsinin təbrik şəhadətnaməsi də baş konsula təqdim olunub.

Daha sonra ziyafət canlı musiqi proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...