Əli Həsənov: \"Bu il 11 min nəfər köçkün ailəsi yeni mənzillərə köçürüləcək”

Bu gün Ağdam rayonunda Azərbaycan Respublikası baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov mətbuata açıqlama verib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Əli Həsənov bildirib ki, hazırda Bərdə rayonunda 192 yerlik fərdi yaşayış evlərindən ibarət yeni qəsəbə tikilir. Yeni salınan qəsəbədə məktəb, klub, bağça və digər binalar fəaliyyət göstərəcək. Onun sözlərinə görə, bu ilin sonuna qədər qəsəbənin tikintisinin başa çatdırılıb köçkünlərin istifadəsinə verilməsi nəzərdə tutulur: \"Bundan başqa gələn il Bərdə rayonu ərazisində köçkünlər üçün daha 14 yaşayış binası tikiləcək\".

Əli Həsənov həmçinin onu da qeyd edib ki, məcburi köçkünlər üçün ayrılan xüsusi maliyyə vəsaiti hesabına ölkənin 9 rayonunda yeni qəsəbələr salınacaq.

Bundan əlavə komitə sədri qeyd edib ki, bu il 11 min nəfər köçkün ailəsi yeni mənzillərə köçürüləcək: "Bakı şəhərində, yataqxanalarda və müxtəlif şəraitdə yaşayan ailələrin də ilin sonundək yeni mənzillərə köçürülməsi başa çatacaq. Ümumiyyətlə yaxın 3-4 ilə qədər bir nəfərdə olsun köçkün ailəsi çətin şəraitdə yaşamayacaq".



Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə