Vüqar Əliyev: “Əgər Azərbaycanda söz və mətbuat azadlığı olmasaydı...” - MÜNASİBƏT

Vüqar Əliyev: “Əgər Azərbaycanda söz və mətbuat azadlığı olmasaydı...” - MÜNASİBƏT

Dünyanın heç bir yerində "Eurovizion" musiqi yarışmasının siyasiləşdirilməsinə rast gəlinməyib. Müsabiqə bir mədəniyyət tədbiridir. Amma bundan istifadə edərək ölkəmizlə əlaqədar mənfi imic formalaşdırmaq niyyətləri yolverilməzdir. SİA-nın verdiyi məlumata görə, bunu "Demokratiya naminə oxuyaq" adlı beynəlxalq konfransda Prezident Administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev deyib.

"İddia olunur ki, guya 60 min insanın mülkiyyət hüququ pozulub. Bu təbliğatı aparan müxalifət düşərgəsi keçirdikləri mitində yalnız bir nəfərin iştirakını təşkil edə bilmişdilər. Çünki o xanımdan başqa kimsə yoxdur. Əgər onların dediyi sayda narazı insanlar varsa, müxalifət mitinqə niyə 2 mindən artıq insan toplaya bilmədi?", - deyən Administrasiya rəsmisi ölkəmizdə insan haqlarının qorunduğunu, söz və mətbuat azadlığının mövcudluğunu qeyd edib.

"Azadlıq" Radiosunun əməkdaşı Xədicə İsmayılovanın söz və ifadə azadlığına məhdudiyyət qoyulması ilə bağlı ittihamlarını cavablandırarkən sektor müdiri: "Əgər Azərbaycanda söz və mətbuat azadlığı olmasaydı, siz belə yazılar yaza bilməzdiniz", - deyə bildirib.


Prezident Administrasiyanın sektor müdiri "jurnalistlər"in həbsinə münasibət bildirərkən qeyd edib ki, bu rəqəm şişirdilmiş formada dünya ictimaiyyətinə çatdırılır: "Məsələn, Azərbaycanda fəaliyyəti qanunsuz olan İranın "Səhər" kanalının sürücüsü Azərbaycanın dövlətçiliyinə qarşı təxribatçı əməllər göstərdiyi üçün həbs olunub. Amma onu jurnalist kimi təqdim edirlər".

Vüqar Əliyev eyni zamanda Avropa insan və mətbuat azadlıqları təşkilatlarının Azərbaycan əlehinə çalışdığını da deyib. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar "Avroviziya" mahnı müsabiqəsindən istifadə edib ölkəmizə qarşı sərt mövqe nümyiş etdirir. Azərbaycandakı bəzi şəxslər isə bu fürsətdən istifadə edib özləri üçün qrant mənbəyi təşkil edirlər: "Tarixdən məlumdur ki, bəzi ölkələrdə insan haqları kritik durumda olduğu halda belə bu mahnı müsabiqəsi siyasiləşdirilməyib və həmin ölkəyə təzyiq vastəsi kimi istifadə edilməyib. Mən açıq danışacağam, mətbuatdan gördüyüm, eşitdiyim, oxuduğum məlumatlara əsasən deyə bilərəm ki, bu tədbir kimlər üçün siyasi ambissiyalarını realaşdırmaq üçün fürsət oldu".

V.Əliyevin sözlərinə görə, Böyük Britaniyada və Fransada jurnalist dövlətçilik maraqlarına çıxdığı halda həbs olunur, ancaq Avropa ictimaiyyəti buna heç bir sərt reaksiya nümayiş etdirmir. Az qalır ki, Bakı küçələrində sahibsiz itlərin yığışdırılmasını da bir kampaniyaya çevirsinlər. Azərbaycana qarşı təzyiq vastəsi kimi irəli sürsünlər. Dünən mətbuatda qeyd olunur ki, seksual azlıqları yığıb harasa aparıblar, heç kəsin xəbəri yoxdur. Bu birbaşa dövlətə qarşı təxribatdır. Halbuki, Daxili İşlər Nazirliyi də açıqlama vermək məcburiyyətində qaldı ki, belə bir əməliyyat ümumiyyətlə, keçirilməyib. Bakıdan uzaq yerlərdə aparılan abadlıq və quruculuqla bağlı söküntü işləri də "Avroviziya" ilə əlaqələndirildi".


Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə